Piter Semnebi bloggerlərlə görüşüb
22 Noyabr 2010 Bazar Ertəsi 12:00
Tərəflər bloggerlərin işi və gələcək perspektivlər barədə fikir mübadiləsi aparıblar
Avropa İttifaqının Cənubi Qafqazdakı xüsusi nümayəndəsi Piter Semnebi dünən Bakıda bloggerlər Adnan Hacızadə və Emin Milli və onların valideynləri ilə görüşüb. Çay süfrəsi arxasında söhbət zamanı tərəflər bloggerlərin işi və gələcək perspektivlər barədə fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi noyabrın 21-də Bakıya qısamüddətli səfərə gəlib. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən ANS PRESS-ə verilən məlumata görə, noyabrın 22-ə qədər davam edəəck səfər bloggerlər Emin Milli və Adnan Hacızadənin azadlığa buraxılması ilə bağlıdır.

Səfər zamanı Aİ nümayəndəsi bloggerlərlə yanaşı, Bakıda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, hökumət nümayəndələri, eləcə də qeyri-hökumət təşkilatlarının təmsilçiləri ilə ənənəvi görüşlər keçirəcək.

Qeyd edək ki, noyabrın 19-u Salyan Rayon Məhkəməsində blogger Emin Millinin həbs müddətinin yarısını bitirdikdən sonra azadlığa buraxılması ilə bağlı şikayətinə baxılıb. Məhkəmə onun azadlığa buraxılması ilə bağlı qərar qəbul edib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Noyabrın 18-i isə Bakı Apelyasiya Məhkəməsi blogger Adnan Hacızadənin həbs müddətinin yarısını bitirdikdən sonra azadlığa buraxılması ilə bağlı şikayətinə baxıb. Məhkəmə onun cəzasının çəkilməmiş hissəsinin şərti cəza ilə əvəz edilməsi barədə qərar qəbul edib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Emin Milli və Adnan Hacızadə ötən il iyulun 8-də Bakının "Livan" restoranında baş verən insidentdən sonra tutulublar. Hücuma məruz qaldıqlarını və döyüldüklərini deyən gənclərə qarşı qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri üzrə ittiham irəli sürülüb. Adnan Hacızadəyə 2 il, Emin Milliyə isə 2 il 6 ay həbs cəzası kəsilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar