Palmali “Abşeron”u suya buraxdı
15 Sentyabr 2010 Çərşənbə 17:45
Palmali şirkətinin “Aframaks” tipli gəmilərindən daha biri dünya sularına çıxdı.
Palmali Şirkətlər Qrupunun "Aframaks" sinfindən olan tankeri artıq okean sularına buraxılıb. “Abşeron” gəmisi bu gün Yaponiyanın “Tsuneishi” gəmiqayırma tərsanəsindən ilk reysinə çıxıb. Palmali Şirkətlər Qrupundan ANS PRESS-ə verilən məlumata görə, “Abşeron” Hindistanın Sikkə limanında qazoylla yüklənəcək və Qərbi Avropanın limanlarından birinə yola düşəcək.
İlk dəfə sentyabrın 14-də suya buraxılan gəminin uzunluğu 243,3 metr, eni 42 metr, dedveyti (tutumu) isə 107 507 tondur.
Xatırladaq ki, “Palmali” və Yaponiyanın “Tsuneishi Shipbuilding Company” gəmiqayırma tərsanəsi arasında bu ilin may ayının 26-da iki hər birinin dedveyti 107 400 ton olan “Aframaks” sinfindən olan tankerlərin alınması ilə bağlı memorandum imzalanıb. İyul ayında artıq tankerlərdən biri – “Şahdəniz” reysə çıxıb. Şirkət hər iki tankeri Qara və Aralıq dənizlərindən neft və neft məhsullarının daşınması üçün qəbul edir.
Qeyd edək ki, “Palmali” Şirkətlər Qrupu Aralıq, Xəzər və Qara dənizlərin hövzələrindən yüklərin daşınmasında ixtisaslaşıb. Gəmiçilik şirkəti Rusiyanın cənubundakı çaylarda neft və neft məhsullarının daşınması ilə məşğul olur. Bu ilin sonuna qədər “Palmali” “VLCC” tipli və dedveyti 165 min ton olan “Suetsmaks” tipli gəmi almağı planlaşdırır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: