Obamadan erməni xəbərdarlığı
09 Dekabr 2009 Çərşənbə 11:20
Ərdoğanla Ağ evdə görüşən Obamadan "erməni xəbərdarlığı" gəldiyi ortaya çıxıb
Dekabrın 7-də Ağ evdə Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşən ABŞ prezidenti Barak Obama, Türkiyə-Ermənistan protokollarının tezliklə Türkiyə Böyük Millət Məclisində ratifikasiya edilməsini istəyib.

Obama, ABŞ Konqresində bir neçə dəfə gündəmə gətirilmiş və son anda maneə ilə qarşılaşan erməni soyqırımı iddiasının tanıması barədə qanun layihəsinə toxunaraq bildirib ki, əgər protokollar ratifikasiya edilməzsə, ABŞ Konqresində qanunu dayandırmaq çox çətin olar.

Obama diplomatik üslubdan istifadə edərək, 24 aprel - qondarma soyqırımın ildönümünə işarə edib.

Türkiyə nümayəndə heyəti isə Obamanın bu xatırlatmasını "Apreldə çətinlik çıxa bilər" kimi şərh edib.

Baş nazir Ərdoğan isə bu məsələ ilə bağlı bildirib ki, protokollarla bağlı qərarı Türkiyə Böyük Millət Məclisi verəcək. O, öz partiyasının millət vəkillərinin bir çoxunun da Qarabağ problemi həll edilmədən protokolların tətbiq olunmasına yaxşı baxmadıqlarını söyləyib.

Ərdoğan, əlavə edib ki, bugünkü vəziyyətdə protokollar parlamentə təqdim edilərsə, TBMM-dən keçməz.

Ərdoğan, ABŞ prezidentinə deyib ki, "istər Ermənistan, istərsə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı digər tərəflər üzərindəki nüfuzundan istifadə edin. Qarabağ münaqişəsi həll edilsə, çox qısa bir müddətdə Ermənistanla sərhədləri açacaq protokolları ratifikasiya edə bilərik". ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar