Norveçdə baş verən hadisələrdə azərbaycanlılar xəsarət almayıb
23 İyul 2011 Şənbə 13:00
Məlumatı ANS-ə Azərbaycanın Norveçdəki Diasporasının rəhbəri Ramil Əliyev verib.
Ötən gün Norveçdə bir birinin ardınca baş verən hadisələrdə xəsarət alan və dünyasını dəyişənlər arasında azərbaycanlılar yoxdur. Bunu ANS-ə açıqlamasında Azərbaycanın Norveçdəki Diasporasının rəhbəri Ramil Əliyev bildirib.
“Hazırda Osloda vəziyyət çox gərgindir. Mən Norveçdə baş verən hadisələrdən sonra qaynar xəttə zəng vurdum. Onlarda yaralananlar və həlak olanların arasında azərbaycanlıların olması ilə bağlı məlumat yoxdur. Norveçdə olan icma nümayəndələrimizlə də əlaqə saxladıq. Onlar hadisələr zamanı azərbaycanlıların zərər görmədiklərini bildirdilər”, - deyə Ramil Əliyev qeyd edib.

Qeyd edək ki, ötən gün Norveç vətəndaşları paytaxt Osloda hökumət binasının yaxınlığında baş vermiş güclü partlayışın şokundan ayılmamış əynində polis forması olan naməlum şəxs ölkənin hakim işçi partiyasının Oslo yaxınlığındakı Utoya adasında yerləşən gənclər təşkilatının düşərgəsindəki insanları atəşə tutub. Nəticədə düşərgədə 80 nəfər ölüb, onlarla insan isə xəsarət alıb. Ölənlərin sayının arta biləcəyi istisna olunmur.
Norveç polisi artıq Utoyadakı hücumu həyata keçirən şəxsin şəxsiyyətini müəyyən edə bilib. Həmin şəxs 32 yaşlı Norveç vətəndaşıdır. Əməliyyat tədbirləri nəticəsində şübhəli polis tərəfindən saxlanılıb. Yerli kütləvi informasiya vasitələri düşərgədəki hücumu həyata keçirən şəxsin sağçı ekstremistlərlə bağlılığını iddia edir. Hüquq-mühafizə orqanlarının nümayəndələrinin sözlərinə görə, həmin şəxsin əlamətləri ilə partlayış baş verən ana qədər Osloda hökumət binasının yerləşdiyi kvartalda olmuş şübhəli “polis”in əlamətləri uyğun gəlir və hal-hazırda baş vermiş hadisələrlə bağlı əsas şübhəli hesab olunur. Adada axtarış zamanı partlalamış bomba aşkar edilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar