NATO-nun Gürcüstan sevdası bitmədi...
29 Yanvar 2010 Cümə 20:25
Alyansın baş katibinin Tiflisə səfəri Moskvada əsəb gərginliyi ilə gözlənilir
NATO baş katibinin qonşu Gürcüstana planlaşdırılan səfəri Tiflislə Moskva arasındakı gərginliyin artmasına səbəb ola bilər. Hər halda Rusiyanın NATO-dakı daimi nümayəndəsi Dmitri Roqozinin bununla bağlı bəyanatı belə deməyə əsas verir. Rusiyanın Anders Foq Rasmussenin Tiflis səfərinə sakit yanaşdığını deyə Roqozin eyni zamanda əlavə edib ki, Moskva bu səfəri diqqətlə izləyəcək. “Görək Rasmussenin səfəri zamanı nələr deyiləcək. NATO-nun bundan sonra da Gürcüstanı silahlandırmaqla məşğul olub-olmayacağını diqqətlə izləyəcəyik", - deyə o vurğulayıb.

Fikrini davam edən Roqozin qeyd edib ki, 2008-ci ilin avqustundan bəri Gürcüstan öz hərbi potensialını bərpa edə bilib. Onun sözlərinə görə, bu məsələdə Gürcüstan daha uzağa gedərək hərbi potensialını əvvəlkindən də çox gücləndirib. Bu üzdən də rusiyalı siyasətçi hesab edir ki, NATO və Qərb dövlətləri artıq Gürcüstana yardımını dayandırmalıdır.

Roqozinin bu fikirləri bir daha göstərir ki, Moskvanın keçmiş postsovet ölkələri ilə bağlı siyasəti dəyişməyib. Kreml əvvəlki kimi Gürcüstanın NATO-ya inteqrasiya oluna biləcəyindən və öz sərhədləri yaxınlığında alyans qüvvələrinin yerləşəcəyindən ehtiyat edir. Bu, həm də ona işarədir ki, Rusiya rəsmilərinin NATO-nun Gürcüstan sevdasının bitməsi ilə bağlı bəyanatlarına rəğmən, vəziyyət heç də Rusiyanın istədiyi kimi deyil. Proseslərin istiqaməti Qərbin Cənubi Qafqaz bölgəsini asanlıqla Rusiyaya peşkəş etmək niyyətində olmadığını göstərir. Əksinə, başda ABŞ olmaqla Qərb dövlətləri burada mövqelərini gücləndirmək istiqamətində səylərini davam etdirir.

Prezident Mixail Saakaşvilinin NATO-nun Gürcüstan ərazisindən istifadə edə biləcəyi ilə bağlı bəyanatı isə bu ehtimalların heç də əsassız olmadığını göstərir. Qeyd edək ki, Gürcüstan prezidenti “Assojiated Press”ə müsahibəsində Gürcüstan ərazisinin alyans qüvvəllərinin Əfqanıstandakı əməliyyatlar üçün istifadə edə biləcəyinə tərəfdar olduğunu bildirib. Artıq Saakaşvilinin bu təşəbbüsü ilə bağlı ekspertlərin rəyi səslənməkdədir. Politoloq Ramaz Sakvarelidze hesab edir ki, bu təşəbbüs Gürcüstanın ABŞ-la daha sıx əlaqələrin formalaşdırılması məsələsində yardımçı olacaq: «Gürcüstan taliblərə qarşı mübarizədə şəxsi maraqlar güdmür. Gürcüstan yalnız ABŞ-ı dəstəkləyir. Saakaşvilinin bu təşəbbüsü isə Rusiyanın kəskin narazılığına səbəb ola bilər»

Bir sözlə, Gürcüstanın NATO ilə yenidən fəal əməkdaşlığa can atması Cənubi Qafqazdakı gizli mübarizənin artmasına təkan verə bilər. NATO baş katibinin Tiflisə səfəri zamanı güman ki, Saakaşvilinin bəyanatının detalları nəzərdən keçiriləcək. Bunu isə Rusiyada bilməmiş deyillər. Bu səbəbdən də Moskva Gürcüstanın normadan artıq silahlandırılmasının yolverilməzliyi adı altında indidən özünü sığortalamağa çalışır… ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar