NATO həyəcan təbili çaldı
12 İyun 2010 Şənbə 12:10
NATO həyəcan təbili çaldı. Baş katib Rasmussen narahatçılığını ifadə edib.
Dünən Belçikanın paytaxtı Brüsseldə NATO ölkələrinin müdafiə nazirlərinin müşavirəsi keçirilib. Müşavirənin ilk günündə NATO-nun baş katibi Anders Foq Rasmussen təşkilatın maliyyə vəziyyəti ilə bağlı həyəcanını, narahatçılığını bildirib.

“Biz pula necə qənaət etməyin yollarını tapmalıyıq. Ancaq bir şərtlə ki, yenə də bizə qarşı hücumları dəf etmək qabiliyyətimizi saxlaya bilək. İlk növbədə təşkilatın strukturunu yüngülləşdirməyin yolları tapılmalı və ştat cədvəlində ixtisarlar aparılmalıdır", - deyə Rasmussen bildirib.

NATO-nun maliyyə çətinliklərini ekspertlər hər şeydən öncə aparılan hərbi əməliyyatlar və bu məqsədlə edilən xərclərlə izah edirlər. Belə ki, son 5 ildə hərbi əməliyyatlara ayrılan vəsaitin həcmi 5 dəfə artıb. Məsələn, 2010-cu ildə Əfqanıstandakı hərbi əməliyyatlar üçün bir milyard avro vəsaitin xərclənməsi nəzərdə tutulub.

Beynəlxalq ekspertlərin hesabatına görə, dünya iqtisadi böhranı yalnız müxtəlif ölkələrin dövlət büdcələrinə deyil, həm də böyük beynəlxalq təşkilatların maliyyə durumuna zərbə vurub. Müflisləşmə xüsusilə də Şimali Atlantika Alyansının müqavilələrində qabarıq şəkildə müşahidə olunur.

Beynəlxalq ekspertlər hesab edirlər ki, alyansın büdcəsini qorumaq üçün yeni qanunların qəbul edilməsi qaçılmazdır: "2010-cu il üçün büdcədən planlaşdırılan bir çox xərclər üçün pul yoxdur. İş burasındadır ki, NATO üzvləri olan ölkələr alyansın büdcəsinə ödəməli olduqları öhdəliyi həmişə zamanında verirdilər. Bu, hər bir ölkənin ümumi daxili məhsulunun iki faizini təşkil edir. Ancaq ötən il Şimal Alyansının 28 üzvündən yalnız beşi bu öhdəliyi yerinə yetirə bilib. Anders Foq Rasmussen müşavirə iştirakçılarına ölkə büdcəsində mövcud olan və ümumi müdafiənin təminatı məqsədini güdən “müdafiə büdcəsi”ni ixtisar etməməyi məsləhət görüb". ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar