Münaqişəsinin dinc yolla həlli yeganə həll yoludur
14 Aprel 2011 Cümə Axşamı 01:20
“Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli, eləcə də insan hüquqlarının vəziyyəti, ilk növbədə, tərəflərin öz siyasi iradəsindən asılıdır”
Dünən günün ikinci yarısında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iclasında Avropa Şurasının (AŞ) İnsan Hüquqları üzrə Komissarı Tomas Hammarberqin rəhbərlik etdiyi təşkilatın 2010-cu ildəki fəaliyyəti ilə bağlı hesabatı dinlənilib. Sonra komissar ona ünvanlanmış suallara cavab verib.
Azərbaycanın nümayəndə heyəti üzvlərinin sualına cavabında Tomas Hammberberq bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin siyasi və dinc yolla həlli yeganə həll yoludur: “Beynəlxalq ictimaiyyət də qəbul edir ki, bu münaqişənin sülh yolu ilə tənzimlənməsi ilə ATƏT-in Minsk qrupu məşğul olur. Bunun məsuliyyəti ilk növbədə Minsk qrupu üçlüyünün üzərinə düşür. Ümüd edirəm ki, münaqişənin həllindən sonra artıq humanitar problemlər və insan hüquqları məsələləri ilə məşqul ola biləcəyik. Son vaxtlar həmsədrlər çox böyük fəaliyyət göstərirlər. Amma münaqişənin sülh yolu ilə həlli, eləcə də insan hüquqlarının vəziyyəti, ilk növbədə, tərəflərin öz siyasi iradəsindən asılıdır”.
Tomas Hammerberqə Ermənistanın işğalı altındakı Azərbaycan torpaqlarında olan heyvanlarla bağlı sual da verilib. Azərbaycan nümayəndə heyətinin üzvləri bildiriblər ki, Ermənistanın zəbt etdiyi ərazilərdəki suları vaxtaşırı olaraq müxtəlif radioaktiv və bioloji tullantılarla zəhərləməsi nəticəsində bir sıra balıq növləri məhv olub, meşələrin amansızcasına qırılması nəticəsində bir sıra quşların və heyvanların normal həyat və artım şəraiti pozulub, bu isə öz növbəsində onların kütləvi ölümünə və sürətlə azalmasına gətirib çıxarıb. Nəzarətsiz ərazilərdə Ermənistanın saldığı narkotik plantasiyalardan məhsulu topladıqdan sonra izi itirmək üçün həmin torpaqları yandırması səbəbindən bir çox gəmiricilər kütləvi şəkildə qırılıb, bir qisminin nəsli, bir növ kimi, yoxa çıxıb: “Təbiətdəki balansın pozulması ilə nəticələnən bu hadisələrin də son zərbəsi, əlbəttə ki, insanlara dəyir. Ermənistanın Azərbaycana təcavüzü məsələsində insanların haqlarının qorunması sahəsində öyünüləsi nailiyyətləriniz yoxdur. Heç olmazsa, arzu edilən müəyyən nəticələrin heyvanların hüquqlarının qorunmasında görə biləcəyikmi?”.
Tomas Hammarberqin cavabı belə olub: “Hesab edirəm ki, İnsan Hüquqları üzrə Komissar mandatım heyvan hüquqlarının qorunmasını nəzərdə tutmur. Əlbəttə ki, biomüxtəlifliyin pozulması, heyvanların yetişdirilməsi, düzgün qida, təmiz həyat tərzi keçirmək hüquqları bu və ya digər formada insan hüquqlarına təsir göstərir. Bizim insan haqları sahəsində çoxlu işlərimiz var. Mən öz mandatımı bu sahəyə doğru artırmaq istəməzdim. Amma qaldırdığınız məsələlərlə bağlı mənə daha ətraflı məlumat verə bilərsinizsə, bunu nəzərdən keçirə bilərəm”.
DOSTLARINLA PAYLAŞ: