İnterpol devrilmiş Liviya lideri Müəmmər Qəddafi, onun oğlu Seyf-əl-İslam və hərbi kəşfiyyatın keçmiş rəhbəri Abdulla əl-Sənussinin həbsinə beynəlxalq order verib. İnteropolun saytında verilən məlumata görə, "qırmızı orderlər" Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Luis Moreno-Okamponun müraciətinə əsasən verilib.
İnterpolun baş katibi Ronald Noublun sözlərinə görə, "qırmızı orderlərin" verilməsi Liviya hakimiyyətinin hər 3 nümayəndəsinin beynəlxalq sərhədləri keçməsini əsaslı şəkildə çətinləşdirəcək, onların yerinin müəyyənləşdirilməsinə və həbsinə yardım edəcək.
Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Luis Moreno-Okamponun fikrincə isə, Müəmmər Qəddafinin həbsi an məsələsidir, İnterpolun orderi isə Camahiriyyə liderini əksər ölkələrin hüquq-mühafizə orqanlarının hədəfinə çevirəcək.
Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi özü Qəddafi, onun oğlu və keçmiş kəşfiyyat rəisinin həbsinə iyunun 26-da order verib. Onların hər üçü Liviyada vətəndaş müharibəsi zamanı bəşəriyyətə qarşı cinayətlərdə ittiham edilirlər.
Müəmmər Qəddafini İnterpol axtaracaq
Qurum keçmiş Liviya lideri, onun oğlu və kəşfiyyat rəisinin həbsinə "qırmızı order" verib




Şərhlər