Moskva zolaqlıları Bakıda
13 Noyabr 2010 Şənbə 12:40
Bakı Dövlət Sirki Böyük Moskva Sirkini ölkəmizə dəvət edib.
Bakı Dövlət Sirki yeni mövsümdə tamaşaçılarını "Zolaqlıların Bakı səfəri" adlı proqramla qarşılayıb. Bu dəfə sirkin arenasını Böyük Moskva Sirkinin ustaları şənləndirib. Tamaşaçıları ilkin olaraq şən akrobatlar qrupu salamlayıb. Bir- birindən zəngin rəqslərlə çıxış edən qrup sözün əsl mənasında ab - havaya rəngarənglik qatdı.

Maraqlı nömrələrlə çıxış edən sirk ustaları uşaqlara boks üzrə dünya çempionatını da nümayiş etdirdi. Baş hakim Sergey Soloxinin rəhbərliyi ilə arenaya kenquru Şauqli çıxdı. Yarışmanın qalibi də əlbəttə ki, kenquru Şauqli oldu.

Daha sonra bir- birinin ardınca şən kloun Aleks, Maksimovlar ailəsi tamaşaçıların qarşısına çıxdı. Peşəkar sirk ustaları böyüklərlə yanaşı, uşaqları həm sevindirdi, həm də təəcübləndirdi. Özbəkistanın əməkdar artisti Rüstəm Oçanovun meymunlarla nömrəsi isə böyük maraqla qarşılandı.

Təlimçi Rüstəm Oçanov pələnglərin Benqaliyadan gətirildiyini bildirib: "Pələnglərin ən böyüyü Amur sayılır. Amur ən cavanı, amma ən böyüyüdür. Afrika pələngim də var. O artıq 7 ildir məndədir. Mən onlara nəvazişlə yanaşıram, uşaq kimi tərbiyə edirəm."

Kloun Aleksey Xolanskiy tamaşaçılar arasında fərq görmədiyini söyləyir: "Digər ölkələrdə olduğu kimi burada da zarafatları yaxşı qəbul edirlər. Uşaqlar hər şeyi bəyənir. Bilirsiniz, sirkdə asan janr yoxdur, hər şey çətindir. Sadəcə, hər yerdə bu çətinlik başqa cürdür. Asan heç nə yoxdur. Asan o zaman olur ki, bu işi bacarasan".

Qeyd edək ki, məktəblilərin payız tətili günləri ilə əlaqədar, Böyük Moskva Sirkinin "Zolaqlıların Bakı səfəri" adlı proqramı noyabrın 21-dək hər gün bir neçə seansla nümayiş etdiriləcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar