Monitorinq insidentsiz başa çatıb
14 İyul 2010 Çərşənbə 15:25
Monitorinq Xocavənd rayonu ərazisində baş tutub.
Bu gün Xocavənd rayonunun Kuropatkino kəndinin şimal-qərb istiqamətindəki təmas xəttində ATƏT nümayəndələri monitorinq keçirib. Monitorinqdə Azərbaycan tərəfdən qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri ilə yanaşı ATƏT-in yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi də iştirak edib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, monitorinqdən əvvəl ATƏT nümayəndələri təqribən saat 10:00 radələrində Ağcabədi rayon İca Hakimiyyətinə gediblər. Monitorinqin keçirildiyi ərazi Ağcabədi rayonu ilə həmsərhəd olduğundan ATƏT nümayəndələri bu rayonun icra hakimiyyətindən cəbhədəki vəziyyət barədə məlumat alıblar. Görüş zamanı onlara bildirilib ki, ötən ilin noyabr ayında keçirilən sonuncu monitorinqdən indiyədək Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun Ağcabədi rayonunda yerləşən mövqelərini təqribən 272 dəfə atəşə tutublar və bu atışmalar 20-30 dəqiqə ərzində davam edib. Nəticədə Azərbaycan Ordusunun bir hərbçisi yaralanıb. Eyni zamanda ermənilərin bu ilin yay aylarından etibarən təmas xətti boyunca törətdikləri yanğınlar barədə də ATƏT nümayəndələrinə məlumat verilib.

Göruş zamanı Ağcabədi rayon icra başçısının müavini Rövşən Əhmədovun verdiyi məlumata görə, ermənilər təmas xətti boyunca 15 kilometrlik ərazini yandırıb və yanğın Azərbaycanın nəzarəti altında olan torpaqlara da keçib.

Daha sonra ATƏT nümayəndələri Azərbaycanlı hərbçilərin müşayiəti ilə monitorinqin keçiriləcəyi əraziyə gediblər. Təqribən Xocavənd rayonunun işğal altında olan Kuropatkino və Qarakənd yaşayış məntəqələri yaxınlığında yarım saatadək müşahidələr apardıqdan sonra geri qayıdıblar. Və monitorinq insidentsiz başa çatıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar