Molla Nəsrəddinin yeri məlum
18 Avqust 2010 Çərşənbə 18:05
Həmidə Məmmədquluzadə sağ olsaydı, mərhum ərinin qulağına mütləq bir şey pıçıldayardı.
Təmizlik imanın yarısıdır. Ona görə də insanlar özlərini və evlərini təmiz saxlamalıdır. Ev deyəndə, təkcə dörd divar nəzərdə tutulmamalıdır. Gərək təmizlik məsələsində hər kəs öz məsuliyyətini dərk etsin. Yayın istisi bir yandan, günlərlə yığılıb qalan zibilin üfunəti də o biri yandan Rəsulzadə qəsəbəsi Həmidə Məmmədquluzadə küçəsinin sakinlərinin nəfəsini kəsib. İyidən və zibillikdə “at oynadan” milçəklərdən can qurtarmaq üçün onlar həm qapı-pəncərələrini, həm də ağız-burunlarını bağlamaq məcburiyyətindədir.
100-dən artıq ailənin məişət tullantısının toplandığı zibilxana həm də uşaqların yeganə oyun meydançasıdır. Sakinlərin sözlərinə görə, qəsəbənin hər yerindən gündə zibil daşınsa da, bu küçə heç kimin yadına düşmür. Baxmayaraq ki, digərləri kimi onlar da hər ay zibilpulu verir. Ən yaxşı halda zibilin həftədə bir dəfə daşındığını deyən sakinlər əksər hallarda tullantıların yandırıldığını deyir.
Məmmədquluzadə küçəsinin sakinlərini qəzəbləndirən burada zibilxananın sonradan yaradılmasıdır. Yeni yaradılan zibilxanada deyəsən zibil qutusu qoymaq heç kimin yadına düşməyib. Zibildən təngə gələnlər dəfələrlə vəziyyəti aidiyyatlı qurumlara da başa salmağa çalışıb. Onlar isə deyəsən zibilin ufunətindən çox uzaqdır.
“Gedirsən İcra Hakimiyyətinə, deyirlər zibil işinə bələdiyyə baxır. Bələdiyyə də məsuliyyəti boyununa götürmür. Qalmışıq əlacsız”, - deyə şikayətçi Əlixan Sultanov vurğulayıb.
Qəsəbənin Məmmədquluzadə küçəsini digər küçələrdən fərqləndirən bir cəhət də burada asfaltın olmamasıdır. Ərazinin zibil problemi haqqında danışan Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin baş mühəndisi Vəli Əliyev açıqlamasında həmin ərazidəki zibilxananın qanunsuz olduğunu bildirib.Bu səbəbdən ora zibil qutuları qoyulmayıb. Lakin vəziyyətin bərbad olduğunu nəzərə alaraq Vəli Əliyev bundan sonra hər gün bu ərazidən zibilin yığışdırılacağına söz verib.
Asfalt üstündə gəzmək isə onlara belə asan nəsib olmayacaq. Çünki Rəsulzadə bələdiyyəsindən bildirilib ki, küçənin asfaltlanması bələdiyyənin maliyyə imkanları xaricindədir.
Yəqin, Həmidə Məmmədquluzadə sağ olsaydı, mərhum ərinin qulağına mütləq bir şey pıçıldayar, o da məmnuniyyətlə bu məsələni "Molla Nəsrəddin"də işıqlandırardı. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: