Milli Məclisin üzvləri əsəbiləşib
01 Fevral 2011 Çərşənbə Axşamı 23:45
Millət vəkillərini İran və Avropa Şurası özündən çıxarıb.
Məlum olduğu kimi qış tətilindən qayıdan millət vəkilləri bu gün işə başlayıb. Milli Məclisin qarşıdakı yaz sessiyasında bir sıra mühüm məsələlər həll olunmalıdır. Bütün bunlardan əvvəl isə millət vəkilləri İranın Ermənistanla sıx iqtisadi əməkdaşlıq etməsi ilə yanaşı Azərbaycanın daxili işlərinə qarışmasını kəskin pisləyiblər. Millət vəkilləri Milli Məclisin yaz sessiyasına milli rəmzlə başlasalar da, Avropa və İran mühakiməsi ilə davam etdilər.
Milli Məclisin birinci vitse-spiker Ziyafət Əsgərovu hövsələdən çıxaran Avropa Şurasının siyasi məhbus məsələsindəki mövqeyi olub. Avropanın heç bir hüquqi sənədində, cinayət məcəlləsində siyasi məhbus anlayışının olmamasına rəğmən Azərbaycana münasibətdə tətbiq edilir ki, bu da ancaq ölkənin işinə qarışmaq kimi başa düşülməlidir: “Biz bildiririk ki, bizdə siyasi məhbus yoxdur. Konkret cinayətə görə əməl edən şəxs var. Siz isə deyirsiniz ki, siyasi məhbusdur. Ortada bir hakim olmalıdır. Bu hakimin də əsaslandığı kriteriyalar olmalıdır”.
Avropanın Azərbaycana qısqanc yanaşmasını Ziyafət Əsgərov müsəlman ölkə olmağı ilə izah etməyə çalışırdı ki, digər millət vəkilləri elə müsəlman İran dövlətinin xristian ölkəsi Ermənistana iqtisadi və siyasi sevgisindən, müsəlman qardaşının isə işlərinə müdaxiləsindən gileylənməyə başladılar. Hətta sərt tədbirlər görülməsinə, eləcə də İran parlamentinə etiraz məktubu göndərilməsinə çağırış da edildi.
Millət vəkili Azay Quliyev bildirib ki, İranın ikiüzlü siyasətinə qəti etiraz edir: “Hesab edirəm ki, bu gün həmin siyasətin nəticəsidir ki, Ermənistan işğalçı siyasətini davam etdirir. Belə havadar olmasaydı, Ermənistan belə mövqe sərgiləməzdi”.
Millət vəkili Fəzail Ağamalı isə narkotiklərin Azərbaycana ötürülməsindən, Ermənistanla bütün sahələrdə yaxşı münasibətləri rejimin Azərbaycana qarşı düşmənçiliyini ortaya qoyduğunu hesab edir. "Molla rejiminə qarşı biz ideoloji istiqamətdə mübarizəmizi genişləndirməliyik" deyən deputat bildirib ki, beynəlxalq təşkilatlarda cənubdakı soydaşlarımızın hüquqlarının müdafiə məsələsi qaldırılmalıdır.
Millət vəkili Qüdrət Həsənquliyev İran və digər ölkələrin təmsilçilərinin Dağlıq Qarabağla istənilən formada əməkdaşlığına qarşı səmərəli mübarizə aparmaq üçün işğal olunmuş ərazilərlə bağlı qanunun qəbulunu vacib sayıb. İqbal Ağazadə isə parlamentdə 10 ildir ki, Qarabağ məsələsinin müzakirə olunmadığını əsas gətirərək xarici işlər və müdafiə nazirlərinin hesabat vermələrini tələb edib. Daha sonra Milli Məclisin intizam və hesablayıcı komissiyaları yenidən təşkil olunaraq, bir sıra sazişlər ratifikasiya olunub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: