Magistrallarda sürət həddi götürüləcək?
11 Yanvar 2011 Çərşənbə Axşamı 23:45
"Azəryolservis" rəsmisi: "Lazım gəlsə , sürət saatda 150 kilometr olacaq".
Nəqliyyat Nazirliyi Bakıda yeni istifadəyə verilmiş magistral avtomobil yollarında maksimal sürət həddinin saatda 120 kilometrə çatdırıb. Artıq bu yenilik hava limanına aparan yolda quraşdırılmış elektron tablolarda öz əksini tapıb. Nəqliyyat Nazirliyi yanında “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyir ki, magistral avtomobil yollarında sürət həddinin saatda 100 kilometrdən 120 kilometrə çatdırılması ilk növbədə həmin yolların müasir tələblərə tam cavab verməsilə əlaqədardır. Onun sözlərinə görə, magistral yolların inşasına başlanarkən gələcəkdə burada ümumiyyətlə sürət həddinin ləğvi nəzərdə tutulub. Buna maneə yalnız azərbaycanlı sürücülərin peşəkarlıq səviyyəsinin nisbətən aşağı olmasıdır.
Pünhan Mürsəliyevin sözlərinə görə, hələlik sürücülərimiz səhlənkarlıq edirlər, qəzalar törədirlər. Buna görə də, hələ ki, 120 kilometr oldu, bu arta da bilər, azala da bilər.
Maraqlıdır ki, mövcud qanunvericiliyə görə, ölkənin yollarında maksimal sürət saatda 110 kilometrdən çox ola bilməz. Belə ki, “Yol hərəkəti haqqında” qanunun 50-ci maddəsinə əsasən, sürücülər yaşayış məntəqələrində saatda 60, şosse yollarında 90, magistrallarda isə 110 kilometrdən artıq sürətlə hərəkət edə bilməzlər. Bununla belə, “Azəryolservis” rəsmisi bildirir ki, magistral yollarda hansı sürətlə hərəkət edilməli olduğunu Nəqliyyat Nazirliyi müəyyən edir və bu məsələ “Avtomobil yolları haqqında” qanunda öz əksini tapıb: “Avtomobil yolları haqqında qanunda da var ki, magistral yollarda sürət həddi olmasın, yəni lazım gəlsə 150 kilometr də olacaq”.
Bakı şəhər Dövlət Yol Polis İdarəsinin yol hərəkətinin təhlükəsizliyinin təbliğ edilməsi və ictimai qurumlarla əlaqə bölməsinin rəisi Vaqif Əsədov isə deyir ki, qanunla ölkədə maksimal sürət həddi saatda 110 kilometr olsa da, sürücülər yolda quraşdırılmış sürət nişanlarına uyğun olaraq hərəkət edə bilərlər. Yəni magistral yolda 120 kilometr sürətlə hərəkət etməyə icazə verilirsə, bu həddi aşmadan avtomobil idarə edənlər inzibati məsuliyyətə cəlb edilməyəcək.
“Sürücüyə 120 kilometr sürətlə hərəkət etməyə icazə verən nişan varsa, elə o sürətlə də gedə bilər. Bundan artıq olsa, xüsusi texniki qurğu ilə qeydə alınır və məsuliyyətə cəlb olunur”,- deyə Vaqif Əsədov bildirib.
Qeyd edək ki, sürücülərin əksəriyyəti maksimal sürət həddinin artırmasını müsbət qarşılayıb. Sərnişinlərin isə bu məsələyə münasibəti birmənali deyil. Bəziləri yüksək sürətlə hərəkət etməyin tamamilə əleyhinə olsa da, bəziləri sürət həddinin hava şəraitindən asılı olaraq müəyyən edilməsini məqbul sayır. Təbii ki, mənzil başına vaxtında çatmaq hamının istəyidir, amma atalarımız da deyib ki, tələsən təndirə düşər. Bu təndirdən uzaq olmaq ümidi ilə. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: