Azərbaycan Litvanın regionda əsas ticarət tərəfdaşıdır. Bunu Bakıda səfərdə olan Litvanın xarici işlər naziri Viqaudas Uşatkas Azərbaycanlı həmkarı Elmar Məmmədyarovla keçirdiyi görüşdə deyib. Təkbətək və geniş tərkibdə keçirilmiş danışıqlarda siyasi münasibətlərlə yanaşı iqtisadi və humanitar əlaqələr də müzakirə olunub. Daha sonra Azərbaycan və Litva Xarici İşlər nazirlikləri arasında memorandum imzalanıb. Aparılan danışıqlardan sonra tərəflər jurnalistlər üçün təşkil olunan mətbuat konfransında bu sənədin iki ölkə arasında siyasi dialoqun genişlənməsinə səbəb olacağına əminlik ifadə ediblər.
Viqaudas Uşatskas bildirib ki, bu onun Azərbaycana ilk rəsmi səfəridir. Azərbaycanı regionda ölkəsinin əsas ticarət tərəfdaşı adlandıran nazir, bu gün Bakıda Litva ticarət evinin açılacağını bildirib və deyib ki, bu qurumdan biznesmenlər və turistlər yararlana biləcəklər. Qeyd edək ki, bu gün imzalanan memorandumda Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması prinsipi öz əksini tapıb.
"Azərbaycan Avropa üçün yalnız enerji təchizatçısı kimi yox, regionun siyasi və mədəni mərkəzi kimi də vacibdir. Ölkənin "Şərq tərəfdaşlığı" proqramında iştirak etməsi müsbət haldır. Litva ilə Azərbaycan arasında bu il parlamentlərarası əməkdaşlıq və korrupsiya ilə mübarizə sahəsində iki iri layihə həyata keçiriləcək", deyə V. Uşatkas bildirib. /ANS TV/