Azərbaycan prezidentinin də iştirak edəcəyi tarixi toplantıda əsas müzakirə mövzularından biri NATO-nun raketlərdən müdafiə qurğularının Şərqi Avropa və Türkiyədə yerləşdirilməsi məsələsidir
Lissabon. Fuad Qulubəyli-APA. Bu gün Portuqaliyanın paytaxtında Şimali Atlantika Alyansının iki günlük zirvə toplantısı başlayıb.
APA-nın Lissabona ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, NATO-ya üzv olan 28 ölkənin, o cümlədən alyansın “Sülh naminə tərəfdaşlıq” proqramında iştirak edən ölkələrin dövlət və hökumət başçıları artıq Portuqaliya paytaxtına gəlməkdədirlər. Azərbaycan prezidenti İlham Əliyev də sammitdə iştirak etmək üçün Lissabona gedib. Sammit çərçivəsində NATO üzvü ölkələrlə tərəfdaş ölkələrin rəhbərləri arasında bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur.
Lissabon sammitində bir çox mühüm qərarların qəbul ediləcəyi gözlənilir. Bu səbəbdən Lissabon zirvə toplantısını 1999-cu ildə keçirilən İstanbul sammitindən sonra tarixi toplantı adlandırmaq olar. Bu sammitdə NATO ölkələri başçıları alyansın yeni strateji konsepsiyasını qəbul edəcəklər. Bundan başqa bu toplantıda Əfqanıstan prezidentinin də iştirakı maraq doğurur. Sammitdə Əfqanıstanda təhlükəsizliyin təmin edilməsi və bu prosesin 2014-cü ilə kimi tədricən Əfqanıstan milli qüvvələrinə ötürülməsi də müzakirə edilən məsələlər sırasında olacaq. Əsas müzakirə mövzusu NATO-nun raketlərdən müdafiə qurğularının Şərqi Avropa və Türkiyədə yerləşdirilməsi məsələsidir. Eyni zamanda, təşkilat daxilində müəyyən struktur dəyişiklikləri və hərbi xarakterli ixtisarların edilməsi gözlənilir.