Kiyev Naxçıvan reysi açılacaq
22 Oktyabr 2010 Cümə 10:55
“AeroSvit” şirkəti noyabrın 1-dən etibarən yeni Kiyev Naxçıvan reyslərini yerinə yetirməyə başlayacaq.
Azərbaycanın Kiyevdəki diplomatik nümayəndəliyində ölkəmizin Ukraynadakı səfiri Eynulla Mədətli “AeroSvit – Ukrayna hava xətləri” şirkətinin baş direktoru vəzifəsinin icraçısı Aleksandr Avdeyevlə görüşüb. Görüşdə bu ilin noyabrın 1-dən “AeroSvit”in öz təyyarələri ilə Kiyevdən Naxçıvana uçuşlar keçirmək planı ilə əlaqədar razılıq bildirilib.

Ukrayna şirkəti Naxçıvan Muxtar Respublikasının paytaxtına həftədə bir dəfə reys həyata keçirəcək. Reyslərin cədvəli aşağıdakı kimi olacaq: Kiyevdən uçuş – cümə günləri yerli vaxtla saat 23:00-da (Bakı vaxtı ilə saat 01:00-da) Naxçıvandan uçuş – şənbə günü yerli vaxtla saat 05:00-da olacaq.

Xatırladaq ki, “AeroSvit” Bakıya və Gəncəyə müntəzəm reyslər yerinə yetirir.

Azərbaycanın Kiyevdəki səfiri Eynulla Mədətlinin sözlərinə görə, bu reysin açılması Naxçıvan Muxtar Respublikası rəhbərliyinin təşəbbüsü və həmin marşrutun açılmasına maraq göstərmiş “AeroSvit – Ukrayna hava xətləri” şirkətinin sayəsində mümkün olub. O əmindir ki, Ukrayna paytaxtından Naxçıvana və geriyə uçacaq bu aviareysdən Azərbaycan vətəndaşları ilə yanaşı dost Türkiyə və İran vətəndaşları da istifadə edə biləcək.

“AeroSvit – Ukrayna hava xətləri” şirkətinin baş direktoru vəzifəsinin icraçısı Aleksandr Avdeyev isə bildirib ki, bu reysdən Ukraynadakı çoxsaylı Azərbaycan diasporu da istifadə edəcək. O ümidvardır ki, Azərbaycan və Ukrayna KİV-lərinin köməyi ilə Kiyev-Naxçıvan-Kiyev yeni aviareysinin açılması xəbəri həm Azərbaycan və Ukraynada, həm də xarici ölkələrdə potensial sərnişinlərə çatdırılacaq.

Noyabrın 1-də Kiyevdən Naxçıvana qalxan təyyarədə məhz bu məqsədlə Azərbaycan və Ukrayna KİV-lərinin bir qrup nümayəndəsi də olacaq.

Qeyd edək ki, 1994-cü ildə yaradılmış “AeroSvit – Ukrayna hava xətləri” şirkəti hazırda Ukrayna aviasiya daşıyıcıları arasında ən iri müntəzəm beynəlxalq marşrutlar şəbəkəsini idarə edir. 2010-cu ilin yay fəslində “AeroSvit” 16 yeni istiqamət üzrə reyslər açıb. Hazırda şirkət 70-dən çox beynəlxalq hava xəttinə xidmət edir. Aviaşirkətin reyslərində uzaq məsafəli “Boeing-767”, orta məsafəli “Boeing-737”, “Airbus-320” və “Embraer-195” təyyarələri, eləcə də “Embraer-145” və “Antonov-148” regional hava gəmilərindən istifadə edilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar