Jerar Depardye Qəbələdə olub
16 Dekabr 2010 Cümə Axşamı 10:05
Məşhur aktyora xalça hədiyyə edilib
Azərbaycanda səfərdə olan məşhur fransız aktyoru Jerar Depardye Qəbələ rayonuna səfər edib. Qonaq rayondakı “Beltman” piano fabrikində olub, burada istehsal prosesi ilə yaxından maraqlanıb. Jerar Depardyeyə ölkədə sənayenin, xüsusilə qeyri-neft sektorunun inkişafının diqqət mərkəzində olduğu bildirilib. Regionda bənzəri olmayan və ən son beynəlxalq standartlara cavab verən fabrikdə pianolar sexlərdə yığılaraq, xüsusi avadanlıqla təchiz olunmuş 6 otaqda köklənir və sazlanır.
Daha sonra aktyor “Gilan” Holdinqin Qəbələ konserv zavodunda olub. Qonağa 12 hektar ərazidə yerləşən müəssisənin istehsal gücünə və texnoloji avadanlığına görə Qafqazda analoqu olmadığı barədə məlumat verilib. Zavodda “Tetra Pak” xətti istismara verilib, xaricdən gətirilmiş avadanlıq quraşdırılıb. Müəssisənin iş prinsipi xammal qəbulundan başlayaraq hazır məhsulun qablaşdırılmasına qədər bütün prosesləri əhatə edir və zavodun məhsulları 30-dan çox ölkəyə ixrac olunur.
Qonaq Qəbələyə səfəri çərçivəsində rayonun Nic qəsəbəsindəki alban məbədi ilə yaxından tanış olub. Məlumat verilib ki, əsaslı bərpadan sonra əvvəlki görkəminə qaytarılmış məbəd yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi qorunur.
Fransız aktyor sonra rayondakı “Qafqaz Resorte”, “Qafqaz Riverside” hotellərini və “Qafqaz Gənclik” İstirahət Mərkəzini və parkları gəzib, bu yerlərin səfalı və istirahət üçün gözəl bir məkan olduğunu vurğulayıb. Qonağa xatirə olaraq xalça hədiyyə edilib.
DOSTLARINLA PAYLAŞ: