İstanbulda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Türkiyə xarici siyasət idarəsinin rəhbəri Əhməd Davudoğlu arasında sürpriz görüş keçirilib. ANS PRESS, “İhlas” xəbər agentliyinə istinadən xəbər verir ki, “Beyti” restoranında baş tutan görüşdə İrandakı vəziyyət, Ermənistanla Azərbaycan arasındakı danışıqlar da daxil olmaqla bir sıra regional məsələlər müzakirə edilib. Hər iki nazir restorandan birgə çıxıb. Görüşdən sonra jurnalistlərin suallarına cavab verən Əhməd Davudoğlu bildirib ki, Yaponiya səfərini başa vurub Azərbaycana qayıdan Elmar Məmmədyarov yolüstü İstanbulda bir neçə saat qalıb: “Bir az sonra dəyərli dostum, qardaşım Elmar Məmmədyarovu ikinci məmləkətimiz Bakıya yola salacağıq. Onun İstanbuldan keçməklə Bakıya gedəcəyini eşidəndə belə bir görüşün baş tutmasını planlaşdırdıq. Ona “evinizə xoş gəldiniz” deyirəm”. Əhməd Davudoğlu deyib ki, görüşdə bir millət iki dövlət anlayışı içərisində regional proseslər gözdən keçirilib: “Son dövrlərdə Ermənistan-Azərbaycan danışıqları, bölgədəki digər prosesləri, xüsusilə, ikili münasibətlərdə son dərəcə müsbət irəliləyişləri müzakirə etdik”. Türkiyəli nazirin sözlərinə görə, görüşdə əminlik ifadə olüunub ki, İran daxilindəki problemlər sağlam dialoq yolu ilə həll olunacaq: “İrandakı sabitlik bölgədəki sabitlik üçün böyük əhəmiyyət kəsb edir. Bu çərçivədə qəbul olunacaq hər bir şərara hörmətlə yanaşacağıq”.
Əhməd Davudoğlu, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın “iki ölkə arasında münasibətləri normallaşdırmaq üçün Türkiyədən yeni addımlar gözləyirik” bəyanatına da münasibət bildirib: “Addımlar qarşılıqlı atılmalıdır. Türkiyə olaraq bizim hədəfimiz bölgədə, Qafqazda daimi sabitliyə, rifaha və sülhə nail olmaqdır. Bu isə birtərəfli addımlarla reallaşa bilməz. Ötən müddət ərzində Türkiyə regional məsələlərlə xoşniyyətli addımlar ata biləcəyini göstərib. Yalnız bu addımların qarşılıqlı atılması yolu ilə daimi sülh əldə etmək mümkündür”. Əhməd Davudoğlunun sözlərinə görə, Elmar Məmmədyarovla Türkiyə-Ermənistan əlaqələrini də müzakirə ediblər: “Belə qərara gəldik ki, Ermənistan qoşunları işğal olunmuş torpaqlardan mütləq çıxmalıdır”.