İslamda qadın idmançı
09 Oktyabr 2010 Şənbə 10:05
"Karvan" jurnalı oxucu suallarını cavablandırıb.
Müsəlman qadınları naməhrəm kişilərin tamaşaçı və ya hakimlik etdikləri idman yarışlarında iştirak edə bilərmi?

- Dinimiz cinsindən asılı olmayaraq kimsənin idmanla məşğul olmasına qadağa qoymayıb. Müsəlman qadınlarına gəldikdə isə onlar bunu şəri qaydalar çərçivəsində yerinə yetirə bilərlər. Yəni üz və əlləri istisna olmaqla, bədənlərini örtməklə bu kimi yarışlarda iştirak edə bilərlər.

Qadınlar, demək olar ki, idmanın bütün sahələrində iştirak edirlər. Bilmək istərdim dinimiz bu məsələyə necə münasibət bəsləyir. Onların kişilərə aid olan idman növləri ilə məşğul olmaları nə dərəcədə düzgündür?

- Bu məsələ Peyğəmbərin (s.ə.s) dövründə və sonrakı dövrlərdə gündəmdə olmadığından bunun cavabını ağıl və məntiqlə həll etməliyik. Qadınlar idman növlərini seçərkən son dərəcə diqqətli olmalıdırlar. Onların ağır fiziki güc tələb edən idman növlərini seçmələri məsləhət görülmür. Çünki bu, həm onların əhval-ruhiyyəsinə, həm də səhhətinə mənfi təsir göstərir.

Əvvəllər müşahidə olunmasa da, son zamanlar idmançıların bir klubdan başqasına köçürülməsi adi hal almışdır. Bəzi ruhanilər bunu insan haqlarının pozulması, hətta insan alğı-satqısı kimi qələmə verirlər. Bu, nə dərəcədə doğrudur?

- Xeyr, bunun insan hüquqlarının pozulması və insan alveri ilə heç bir əlaqəsi yoxdur. Belə ki, idmançılar bu işə könüllü surətdə razı olur, onları alan klublarla əmək və hüquqlarını qoruyacaq bir sıra müqavilələr bağlayırlar.

Bir çox xarici ölkələrdə at yarışlarına milyonlarla pul qoyulur, hətta bəzən həmin puldan xeyriyyəçilik məqsədilə istifadə olunur. Məsələn, uşaq evlərinə yardım olunur və s. Dinimiz bu haqda necə hökm verir?

- İslam halallıq dinidir, istər Allahın vacib etdiyi xüms və zəkat kimi dini vergilər olsun, istərsə də sədəqə kimi müstəhəb yardımlar halal qazancdan olmalıdır. Cıdırlar (at yarışları) yüzlərlə, minlərlə insanın iştirak etdiyi qumar növlərindən biridir. Qumar isə, dinimizə görə, haram və böyük günahlardandır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar