İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad noyabrın 17-də Azərbaycana rəsmi səfərə gəlib.
APA-nın məlumatına görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda İran prezidentini Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.
Hava limanının ali qonaqlar üçün salonunda M. Əhmədinejad və Y. Eyyubov arasında qısa protokol söhbəti olub.
Qeyd edək ki, səfərin əsas məqsədi Xəzəryanı ölkələrin sabah Bakıda keçiriləcək sammitində iştirak etmək və iki ölkə arasında münasibətlərə dair Azərbaycan rəsmiləri ilə danışıqlar aparmaqdır.
Bakıya yola düşməzdən əvvəl İran prezidenti Tehranda jurnalistlərə açıqlamasında ölkəsinin digər Xəzəryanı dövlətlərlə əlaqələrinin genişlənməsini alqışladığını qeyd edib. O, sahilyanı ölkələr arasında münasibətlərin güclənməsində Xəzərin böyük potensialının olduğunu vurğulayıb.
M. Əhmədinejad, həmçinin qeyd edib ki, Bakıya səfəri çərçivəsində Azərbaycanla ikitərəfli əməkdaşlıq münasibətlərini, həmçinin prezident İlham Əliyevlə regional və beynəlxalq məsələləri müzakirə edəcək.
Qeyd edək ki, səfərdə M. Əhmədinejadı xarici işlər naziri Manuçöhr Mottəki və energetika naziri Məcid Namju müşayiət edirlər.