İntihara cəhd edən qız ANS-ə danışıb
08 İyul 2011 Cümə 21:31
Günay Məcidovanın atası isə qızını qəbul etməyəcəyini bildirib.
Dünən Qız Qalasına çıxaraq intihara cəhd edən Bakının Kürdəxanı qəsəbəsinin sakini Günay Məcidova hərəkətlərindən peşiman olduğunu, onu intihara sürükləyən səbəblərin isə artıq geridə qaldığını bildirib. O ANS-ə eksklüziv açıqlamasında bildirib ki, o, hazırda sevdiyi oğlangildədir: "Mən onlarla yaşayıram. İkincisi də odur ki, məni narahat etməyin. Mən artıq ailəliyəm. Bir səhv idi oldu, əsəbləşdim. Artıq məni başa düşdülər. Yoldaşım, ailəm var. Vaxt keçəcək ailəm də məni qəbul edəcək”.
Amma Günayın atası Musarza Məcidov isə qızından fərqli düşünür: “Mən işdə idim. İşdən gəldim, gördüm anası ağlayır. Qız çıxıb gedib nənəsigilə. Bir də xəbər gəlib ki, bu uşaq Qız qalasının başına çıxıb. Onu xalaları, qohumları yoldan çıxardıb. Hirsləndiriblər uşağımı. Anasından küsüb gedib, qalıb nənəsigildə. Onu orada hirsdəndiriblər” söyləyən Günayən atası onu bu hərəkətlərinə görə bağışlamayacağını və qəbul etməyəcəyini bildirib.
Xatırladaq ki, dünən saat 16:35 radələrində Bakıda intihar etməyə cəhd edən 20-25 yaşlarındakı gənc qız Qız Qalasının başına çıxaraq oradan özünü atmağa cəhd göstərib. Amma nədənsə bir anlıq fikrindən vaz keçib. Hadisə yerinə sakinlər və polis əməkdaşları gəlib, hər kəs qızı aşağı düşməyə səsləyib. Lakin qız heç kəsə məhəl qoymayıb. Qız “anamı istəyirəm” deyərək ağlamağa başlayıb.
Hadisə yerinə gələn polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gənc qızı fikrindən daşındırmağa çalışıblar. Qala ətrafına toplaşanlar qızın qalanın başından öz mobil telefonunu yerə çırpdığını da görüblər. Onun telefonunda sevdiyi oğlandan ayrılması barədə “SMS”lərin olduğu bildirilib. Xilasedicilərin apardığı psixoloji söhbət nəticəsində intihara cəhd edən şəxsi qaladan düşürmək mümkün olub. ANSpress
DOSTLARINLA PAYLAŞ: