İlin dəbi şərfdir
17 Fevral 2010 Çərşənbə 12:00
İlin dəbi şərfdir. Şərf nə qədər uzun və enli olarsa, bir o qədər yaxşıdır.
Məşhur dizaynerlər bu il «şərf nə qədər uzun və enli olarsa, bir o qədər yaxşıdır» prinsipini əsas tutaraq uzun şərflərə üstünlük veriblər.

2010 qış-yaz fəslində hansı şərflər dəbdə olacaq?

Uzun zamandır dizaynerlər şərf dəbinə yenilik gətirmirdilər. Ona görə də əksər xanımlar şərfdən yalnız soyuq havada istifadə edirdilər. Amma bu mövsüm tam fərqlidir. Hazırda uzun, enli şərflər çox dəbdədir. Rənglərə gəldikdə isə qırmızı, çəhrayı, yaşıl və ən əsası göy rəngli şərflər aktualdır. Daha solğun rəngləri sevənlər boz və kül rənginə müraciət edə bilərlər. Həmçinin bu mövsüm siz iki şərfi birdən taxa bilərsiniz. Bu, qeyri-adi görünəcək. Hətta şərflə bədənin yuxarı hissəsini tam örtmək də çox dəbdədir. Şərf taxmağın ən dəbli forması - boğaz ətrafına dolamaqdır. Yeganə yol verilməyən nüans kürk-jiletlə şərfin uyğunlaşdırılmasıdır.

Toxunma şərflər dəbdən düşməyib ki?

Toxunma şərflər də 2010-cu ildə çox aktualdır. Amma ən çox dəbdə olan uzun, enli, incə yumru toxunuşlu şərflərdir. Dizaynerlər belə şərfi uzun iri sırğalarla uyğunlaşdırmağı məsləhət görürlər. Həmçinin üçbucaq formalı saçaqlı və saçaqsız şərflər bu mövsüm xanımların tam ixtiyarına verilir. Onlar müxtəlif rəng və çalarda ola bilər. Belə şərf sahibəsinin romantizmə meylli və sirli olduğundan xəbər verir. Hazırda toxunma şərfləri nazik topla geyinmək çox yayılıb ki, bu da dəbə Asiyadan gəlib. Belə ki, Asiya ölkələrində dəbli xanımlar isti havada belə qalın şərf taxırlar.

Xəz şərfdən necə istifadə etməli?

2010-cu ilin ən sevilən şərfi yaxalıq formasında xəzdən hazırlanan şərflərdir. Toxunuşu xoş, isti və ən əsası dəbli şərflər qadınların qış qarderobunun ayrılmaz hissəsinə çevrilib. Belə şərflər həm təbii, həm də süni xəzdən ola bilər. Məşhur modelyerlər rəng seçimində klassik çalarlara üstünlük veriblər: qara, qəhvəyi, boz və ağ. Amma parlaq rənglərə boyanmış xəz şərflər də diqqətdən kənarda qalmayıb. Onları həm boğaza, həm də başa taxmaq olar. Belə şərf köhnə palto və ya istənilən geyimi yeniləməyin ən asan yoludur.

İpək kimi

2010-un dəb mövsümü rəngbərəng, eləcə də birrəngli ipək şərflərsiz yan keçmədi. İncə, zərif parça istilik verməsə də, ümumi görünüşə şıqlıq qatır. İpək şərf palto və işgüzar kostyumun ayrılmaz aksesuarıdır. Modelyerlər ipək şərfi boğaza bir neçə qat və ya bant formasında bağlamağı məsləhət görürlər. Şərfin hər iki ucuna sancaq da bağlamaq çox dəbdədir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar