İlham Əliyev Sergey Lavrovu qəbul edib
08 İyul 2011 Cümə 20:24
Rusiya Federasiyasının xarici işlər nazirinin ölkəmizə bu səfəri Kazan görüşü zamanı müzakirə edilən məsələlərlə əlaqədardır.
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edib. Dövlət başçısı Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun ölkəmizə bu səfərinin Kazan görüşü zamanı müzakirə edilən məsələlərlə əlaqədar olmasının önəmini qeyd edib.

İkitərəfli əlaqələrimizin inkişaf səviyyəsinin çox böyük razılıq doğurduğunu deyən İlham Əliyev bu münasibətlərin ölkələrimiz və region üçün vacib olduğunu vurğulayıb. Prezident İlham Əliyev dinamik və uğurla inkişaf edən ikitərəfli münasibətlərimizin gündəliyini bir daha müzakirə etmək üçün səfərin yaxşı imkan yaratdığını bildirib.

Xarici işlər naziri Sergey Lavrov Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin salamlarını dövlət başçısına çatdırıb. O, Kazanda Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin ATƏT-in Minsk qrupunun Rusiyadan, ABŞ və Fransadan olan həmsədrlərinin iştirakı ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı keçirilən müzakirələrin nəticəsi olaraq məsələnin həllilə bağlı Rusiya Prezidenti Dmitri Medvedevin Azərbaycan və Ermənistan prezidentlərinə müraciət hazırladığını deyib. Həmin müraciəti İlham Əliyevə çatdırılıb.

Qeyd edək ki, dövlət başçısı İlham Əliyev Prezident Dmitri Medvedevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Rusiya dövlətinin başçısına çatdırmağı xahiş edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar