İlham Əliyev Səfirləri qəbul edib
16 Sentyabr 2009 Çərşənbə 20:40
Azərbaycan prezidenti Qarabağ münaqişəsinin həllində müsəlman ölkələrinin rəsmi Bakının mövqeyini dəstəkləməsini yüksək qiymətləndirib
Prezident İlham Əliyev müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini qəbul edib. Səfirləri Ramazan bayramı münasibətilə təbrik edən prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində müsəlman ölkələrinin rəsmi Bakının mövqeyini dəstəkləməsini yüksək qiymətləndirib.

"Biz müsəlman ölkələrinin dəstəyini daim hiss edirik. Bildiyiniz kimi, keçən il BMT Baş Məclisində Dağlıq Qarabağda yaranmış vəziyyətlə bağlı qətnamənin qəbul edilməsi müsəlman ölkələrinin böyük dərəcədə dəstəyi hesabına baş verib", - deyə dövlət başçısı vurğulayıb.

İlham Əliyev Azərbaycanın islam ölkələri ilə ikitərəfli və eyni zamanda beynəlxalq təşkilatlar formatında əməkdaşlıq etdiyini bildirib. "Ölkələrimiz arasında əlaqələr ikitərəfli formatda uğurla inkişaf edir. Eyni zamanda, biz beynəlxalq təşkilatlarda da səmərəli əməkdaşlıq edirik. Xüsusilə, BMT-də və İslam Konfransı Təşkilatında əməkdaşlığımız bizim üçün çox önəmlidir. Çalışmalıyıq ki, ölkələrimizin qarşısında duran vəzifələri birgə səylərlə həll edək və müsəlman ölkələri arasında əməkdaşlığı, həmrəyliyi, qarşılıqlı dəstəyi daha da gücləndirək", - deyə Azərbaycan prezidenti qeyd edib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar