İlham Əliyev Qəbələdədir
27 Fevral 2010 Şənbə 14:00
Dövlət başçısı “Gilan” piano fabrikinin açılışında iştirak edib
Bu gün prezidenti İlham Əliyev Qəbələ rayonuna səfər edib. Dövlət başçısı əvvəlcə mərhum prezident Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edərək gül dəstəsi qoyub.

Daha sonra prezident Qəbələdə “Gilan” piano fabrikinin açılışında iştirak edib. İlham Əliyev açılışı bildirən lenti kəsib və müəssisənin işi ilə yaxından tanış olub.

Dövlətimizin başçısı müəssisədə istehsal olunan pianolara baxıb, sonra istehsal prosesini müşahidə edib.
Ən son beynəlxalq standartlara cavab verən fabrik inzibati bina və istehsal sahəsindən ibarətdir. Pianolar sexlərdə yığılaraq, xüsusi avadanlıqla təchiz olunmuş 6 otaqda köklənir və sazlanır. Fabrikdə ildə 1200-1500 piano istehsal ediləcək. Hazırda burada 120 nəfər çalışır. Müəssisə tam gücü ilə işləməyə başlayandan sonra işçilərin sayı 350-yə çatdırılacaq.

Fabrikin 150 nəfərlik yeməkxanası, sərgi salonu və yataqxanası var. Prezident İlham Əliyevə müəssisədə istehsal olunmuş piano hədiyyə edilib.

İlham Əliyev daha sonra Qəbələdə meyvə-tərəvəz saxlamaq üçün tikilmiş soyuducu anbar ilə tanış olub.
Dövlətimizin başçısına məlumat veriliv ki, tikintisi 2008-2009-cu illərdə həyata keçirilmiş anbarın ümumi sahəsi 7800 kvadratmetrdir. Üç hektar ərazini əhatə edən anbarda 5 min ton meyvə-tərəvəz məhsulları saxlamaq mümkündür. İtaliya istehsalı olan avadanlığın quraşdırıldığı anbarda məhsulların saxlanması xüsusi texnologiya ilə həyata keçirilir. Soyutma sistemi dispetçer məntəqəsindən idarə olunur və anbarlara yığılan məhsulun xarab olmaması üçün xüsusi nəmləndirici proses həyata keçirilir. Hazırda anbarda 50 nəfər işlə təmin olunub.

Prezident İlham Əliyev müəssisədəki meyvəçeşidləmə sexində də olub. Diqqətə çatdırılıb ki, burada quraşdırılan avadanlıq meyvələrin rənginə və ölçüsünə görə çeşidlənməsinə imkan verir.
Dövlətimizin başçısı sexi işə salıb.

Prezident “Gilan-Holdinq”in müxtəlif müəssisələrində istehsal olunan məhsulların sərgisinə də baxıb. Bildirilib ki, 8 növ konyak, 14 növ şərab, 84 növ şirə istehsal edən bu müəssisələrin məhsulları ölkəmizdən kənarda da kifayət qədər tanınır. Bundan başqa, “Gilan Holdinq”in zeytundan müxəlif qida məhsulları hazırlayan, yeyinti məhsulları istehsal edən və süd emalı müəssisələri də var. Bu müəssisələr hazırda MDB ölkələri də daxil olmaqla, 28 dövlətlə ticarət əməliyyatları aparır. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar