İlham Əliyev Joao Suareşi qəbul edib
15 Mart 2010 Bazar Ertəsi 20:20
Görüş zamanı regional inkişafa dair məsələlər müzakirə olunub
Prezident İlham Əliyev bu gün ATƏT Parlament Assambleyasının sədri Joao Suareşin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı ATƏT Parlament Assambleyasının sədri Joao Suareşin ölkəmizə səfərinin uğurlu keçəcəyinə ümidvar olduğunu bildirərək bu səfərin əməkdaşlığımızın daha da genişlənməsi və regional inkişafa dair məsələləri müzakirə etmək üçün yaxşı imkan yaratdığını deyib.
ATƏT Parlament Assambleyasının sədri Joao Suareş ölkəmizin bu qurumdakı nümayəndə heyəti ilə səmərəli müzakirələrin aparıldığını vurğulayıb.
Dövlət başçısı son illər təkcə Bakının deyil, Azərbaycanın bütün regionlarının da çox sürətlə inkişaf etdiyini bildirib. Ölkəmizdəki iri enerji layihələrindən əldə olunan gəlirlərin ədalətli şəkildə istifadə edildiyini vurğulayan prezident İlham Əliyev regionlarda yaxşı investisiya şəraitinin yaradıldığını, biznes mühitinin yaxşılaşdırıldığını və iqtisadiyyatın bütün sahələrində uğurlu islahatların həyata keçirildiyini bildirib.
Azərbaycanın çox sürətlə və uğurla inkişaf etdiyini vurğulayan dövlət başçısı ötənilki iqtisadi böhran ilində belə, ölkəmizin iqtisadiyyatının 9,3 faiz artdığını və bunun dünyada ən yüksək göstərici olduğunu qeyd edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: