İlham Əliyev Barak Obamanı təbrik edib
04 Avqust 2011 Cümə Axşamı 03:06
Cənab Əliyev təbrik mətnində Qarabağ münaqişəsinin həllində Obamanın ədalətli mövqe tutacağına ümidvar olduğunu qeyd edib
Azərbaycan prezidenti İlhsm Əliyev Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obamanı ad günü münasibəti ilə təbrik edib. Təbrikdə deyilir:
“Hörmətli cənab Prezident, Əlamətdar yubileyiniz – anadan olmağınızın 50 illiyi münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətləri bu gün hərtərəfli və dinamik inkişaf yolundadır. Enerji təhlükəsizliyinin təmin edilməsi, qlobal təhdidlərə və beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində fəal qarşılıqlı işimiz münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Biz Birləşmiş Ştatların həmçinin regionumuza diqqətini yüksək qiymətləndiririk. Bu mənada torpaqlarımızın işğalına və soydaşlarımızın doğma yurd-yuvalarından didərgin düşməsinə səbəb olmuş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə aradan qaldırılması üçün ölkənizin və şəxsən Sizin, cənab Prezident, ardıcıl səyləriniz çox əhəmiyyətlidir. Ümidvaram ki, bu səylər ən yaxın vaxtlarda öz bəhrəsini verəcək və münaqişənin sülh yolu ilə, beynəlxalq hüquq normalarına uyğun olaraq ədalətli həlli ilə nəticələnəcək.
Belə bir əlamətdar gündə, cənab Prezident, Sizə möhkəm cansağlığı, ailə səadəti, dost Amerika xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm”.
DOSTLARINLA PAYLAŞ: