İlham Əliyev Abdulla Gülə zəng edib
05 Mart 2010 Cümə 19:50
Ölkə başçısı İlham Əliyev Birləşmiş Ştatlar Konqresinin qərarını qəti şəkildə pisləyib
Bu gün prezident İlham Əliyev türkiyəli həmkarı Abdulla Gülə zəng edib. Telefon söhbəti zamanı Azərbaycanın dövlət başçısı Birləşmiş Ştatlar Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qəbul edilmiş qərarla bağlı öz etirazını ifadə edərək, onu qəti şəkildə pisləyib.
Prezident İlham Əliyev bunu ədalətsiz, tarixi həqiqətləri kobudcasına təhrif edən, bölgədə gərginliyin artmasına xidmət edə biləcək bir qərar kimi xarakterizə edib. Ölkə başçısı vurğulayıb ki, Azərbaycan həmişə olduğu kimi Türkiyənin yanındadır və Türkiyəyə tam dəstək verməkdə davam edəcək. Azərbaycan prezidenti əmin olduğunu bildirib ki, tarixin müxtəlif dövrlərində Türkiyə və Azərbaycan xalqına qarşı soyqırım törətmiş ermənilərin tarixi saxtalaşdırmaq cəhdləri dünya ictimaiyyəti tərəfindən qəbul edilməyəcək və uğursuzluğa düçar olacaq.
Türkiyə prezidenti Abdulla Gül isə öz növbəsində Azərbaycan prezidentinin bu mövqeyini yüksək qiymətləndirərək minnətdarlığını bildirib. Telefon söhbəti zamanı ikitərəfli münasibətlər və bölgədəki vəziyyətlə bağlı fikir mübadiləsi də aparılıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: