Həmsədrlər Xankəndinə gediblər
08 Sentyabr 2010 Çərşənbə 14:25
Azərbaycanın nəzarəti altında olan ərazilərdə keçirilən müşahidələr insidentsiz başa çatıb.
Bu gün ATƏT-in hazırki sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq cəbhənin Tərtər istiqamətində, qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb. Bu dəfə monitorinqdə ATƏT sədrinin şəxsi nümayəndəsi Anje Kasprşiklə birgə qurumun Minsk qrupunun həmsədrləri də müşahidə aparıb.

Xatırladaq ki, missiya üzvləri saat 9:30 radələrində helikopterlə Bərdə rayonuna gediblər. Onları Bərdə Rayon İcra Hakimiyyətinin (BRİH) rəhbərliyi qarşılayıb. Daha sonra BRİH-də ATƏT nümayəndələri ilə geniş tərkibli görüş keçirilib və həmsədrlərə cəbhədəki vəziyyət barədə məlumat verilib.

Bildirilib ki, təqribən 7 həftə əvvəl keçirilən sonuncu monitorinqdən indiyədək atəşkəs rejimi 700 dəfə pozulub. Bu müddət ərzində cəbhə xəttindəki Azərbaycan mövqeləri və yaşayış məntəqələri mütəmadi atəş altında olub. Nəticədə Milli Ordunun 5 əsgəri şəhid olub, hərbçilər və mülki əhali arasında yarlananlar var.

Görüşdən sonra Anjey Kaprşik 2 Azərbaycan hərbçisinin meyitinin hələ də qarşı tərəfdə qalması məsələsinin Ermənistan rəhbərliyi qarşısında qaldırılacağını bildirib. Saat 11 radələrində nümayəndə heyəti hərbçilərin müşayiəti ilə monitorinqin keçiriləcəyi Tərtər-Ağdərə yoluna gedib. Burada müşahidə apardıqdan sonra qarşı tərəfə keçib.

Bundan əvvəl isə fransalı həmsədr Bernar Fasye jurnalistlərə qısa açıqlama verib: “Mən demək istəyirəm ki, ilk dəfə olaraq Azərbaycanın bu hissəsinə səfər etməyimiz bizə çox maraqlı oldu. Bizə yerli hakimiyyəti eşitmək çox maraqlı idi. Vəziyyətlə, qaçqınlarla və rayonun həyatı ilə əlaqədar olduqca yeni və maraqlı məlumatlar aldıq.

Biz missiyanın işi ilə bağlı sizə hələlik heç bir şərh verə bilməyəcəyik. Çünki biz öz missiyamızın 1-ci mərhələsindəyik və təxminən 2-3 gündən sonra yekun kommyunike dərc edəcəyik, orada missiyamızın həm Azərbaycan, həm Ermənistan, həm də Qarabağda olan bütün fəaliyyətini şərh edəcəyik”, - deyə fransalı həmsədr bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar