Həmsədrlər Bakıdadırlar
04 İyul 2010 Bazar 12:00
İqor Popov, Bernar Fasye və Robert Bratke səfərin sonunda birgə bəyanatla çıxış edəcəklər.
Bu gecə ATƏT-in Minsk qrupunun həmsədrləri Bakıya gəlib. Həmsədrlər sabah dövlət başçısı,xarici işlər və müdafiə nazirləri ilə görüşü planlaşdırılır. Bu gün isə onların Bakıda səfərdə olan ABŞ dövlət katibi Hillari Klintonla görüşü gözlənilir. Hava limanında həmsədrlər Xankəndi və Ermənistan səfərləri ilə bağlı jurnalistlərə məlumat veriblər.
Fransalı həmsədr Bernar Fasye bu formatda ilk dəfədir ki, Azərbaycana gəldiklərini qeyd edib. “Bildiyiniz kimi bizim ölkələrin prezidentləri Kanadada Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə yönəlmiş çox vacib bəyanat veriblər”.
“Həmkarlarım Dağlıq Qarabağda de-fakto hökümətlə görüşüblər. Sonra isə Ermənistanın müdafiə naziri ilə görüşüblər. Tam tərkibdə biz Ermənistanın xarici işlər nazirləri və prezident Serj Sarkisyanla danışıqlar aparmışıq”. Fasye İrəvanda prezidentlərin bəyanatını müzakirə etdiklərini qeyd edib. Həmsədr Azərbaycandan əvvəl keçirdikləri görüşlərin çox faydalı və kifayət qədər konstruktiv olduğunu hesab etdiklərini bildirib. “Biz ənənəvi olaraq səfərimizin sonunda birgə bəyanatla çıxış edəcəyik”.
ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popovun sözlərinə görə, məqsədləri prezidentlərin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin tezləşdirilməsinə dair xarici işlər nazirlərinə, eləcə də həmsədrlərə verdiyi göstərişi yerinə yetirməkdir. “Biz iyunun 18-da cəbhə xəttində baş vermiş insidenti erməni tərəfi ilə görüşlərdə müzakirə etdik. Bilirsiniz ki, bu hadisədən dərhal sonra biz həmsədrlər birgə bəyanat yayaraq, insidenti pislədik və bu cür halların sülh prosesinə mənfi təsir edə biləcəyini bildirmişik. Erməni tərəfi ölən və yaralılar barədə məlumat verdi. Qaldı Azərbaycan əsgərinin meyidinin qaytarılmasına, mənim anladığım o oldu ki, bu məsələ səlahiyyətli orqanlarla müzakirə edilir və meyid müəyyən olunmuş qaydada qaytarılacaq”.
Amerikalı həmsədr Robert Bratke prezidentlərin onları və xarici işlər nazirlərini əsas prinsiplər barədə məlumatlandırdıqlarını deyib. Onun fikrincə həmsədrlərin səfəri ABŞ, Rusiya və Fransa bütün səylərini bir araya gətirdiklərini göstərir. “Məsələyə eyni yanaşma var və bizim aramızda heç bir fərq, eləcə də fikir ayrılığı yoxdur. Aramızda sıx əməkdaşlıq mövcuddur”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: