Havalar isinir.
13 Fevral 2012 Bazar Ertəsi 12:46
Yaxın iki gündə meteohəssas insanlar üçün əlverişsiz şərait yaranacaq.
Bakı və Abşeron yarımadasında fevralın 14-də mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumata görə, fevralın 13-dən 14-nə keçən gecə yarımadanın bəzi yerlərində az yağıntılı olacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.

Fevralın 15-də hava gündüz əsasən yağmursuz keçəcək. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında fevralın 14-də hava əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 10-15, gündüz 0-5 dərəcə şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 13-18 dərəcə şaxta təşkil edəcək. Gecə və səhər yollar buz bağlayacaq.

Fevralın 15-də bölgələrdə gün ərzində hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 11-16 dərəcə şaxta olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza əsasən, son 2 həftə ərzində Azərbaycan ərazisi, o cümlədən Abşeron yarımadası Sibir antisiklonunun təsiri altında olduğundan insanlar yüksək atmosfer təzyiqinə uyğunlaşıblar. Lakin fevralın 14-dən 16-dək Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli enməsi və normadan aşağı düşməsi nəticəsində meteohəssas insanlar üçün əlverişsiz şərait yaranacaq. Bununla yanaşı kəskin soyuqlardan sonra temperaturun tədricən yüksəlməsini müsbət amil kimi qiymətləndirmək olar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar