GUAM aktuallığını itirib
04 Fevral 2010 Cümə Axşamı 22:05
Ukraynada prezidentliyə namizəd Viktor Yanukoviç ANS-in suallarını cavablandırıb. GUAM aktuallığını itirib.
Ukraynada prezidentliyə namizəd, Regionlar partiyasının sədri Viktor Yanukoviç Luqansk vilayətində seçiciləri ilə görüşündən sonra ANS-in suallarını cavablandırıb.

- Cənab Yanukoviç, deyirlər ki, sizin Azərbaycan hökumətində təmsil olunan şəxslərlə yaxşı münasibətlərə maliksiniz. Əgər siz prezident seçilsəniz, Azərbaycan və Ukrayna arasında münasibətlər necə inkişaf edəcək?

- Bildirmək istəyirəm ki, bizim Azərbaycanla həmişə starteji əlaqələrimiz olub. Ölkələrimiz arasındakı əmtəə dövriyyəsi də mütəmadi artımla müşahidə olunub. Yalnız son ildə bu göstərici 30 faiz azalıb. Bunun səbəbləri çoxdur. Əsas problemlərdən biri odur ki, Ukrayna iqtisadiyyatında ciddi problemlər yaranıb və sənaye istehsalı 25 faiz azalıb. Hesab edirəm ki, qısa zamanda bu problemin öhdəsindən gələ biləcəyik. Bizim dostluq və strateji münasibətlərimiz isə davam edəcək.

- Qarabağ məsələsində Ukrayna hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Sizin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyiniz necədir?

- Ukrayna dondurulmuş münaqişələrin nizama salınmasında yardımçı olmağa hazırdır. Biz üçüncü tərəf qismində də iştirak edə bilərik. Bununla yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində də aktiv fəaliyyət göstəririk və məsələlərin beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə həllinə tərəfdarıq.

- 2011-ci ildə istismara verilməli olan “Odessa-Brodı-Qdansk-Plotsk” kəməri əsas müzakirə olunan məsələlərdən biridir. Azərbaycan neftinin bu kəmərlə nəqli barədə sazişin şərtlərinin icrası davam edəcəkmi?

- Bu kəmərin tikintisi və gələcək istismarı Xəzər nefti nəzərə alınmaqla həyata keçirilib. Uzun illərdi ki, Ukrayna bu layihənin reallaşmasına çalışıb. Amma müxtəlif səbəblər, xüsusən də hökumətin daxili siyasəti layihənin uğurla icrasına imkan verməyib. Ümid edirik ki, biz bu işi aktivləşdirəcəyik və qarşılıqlı münasibətlər çərçivəsində layihə başa çatdırılacaq.

- Azərbaycan və Ukraynanın üzv olduğu regional təşkilatların, həmçinin GUAM-ın perspektivlərini necə dəyərləndirirsiniz?

- GUAM mövzusu mənim üçün o qədər də tanış deyil. Hətta deyərdim ki, mən onun dərinliyini bilmirəm. Mənim fikrimcə, bu birliyin aktuallığı və yaxud da bu siyasi layihənin praktiki inkişafı müəyyən dərəcədə itib. Ona görə ki, mən son beş ildə GUAM mövzusunda yalnız danışıqları eşitmişəm, konkret tədbirləri isə görməmişəm. Mənim üçün maraqlı olardı ki, cənab İlham Əliyevlə görüşüm və bir çox məsələləri müzakirə edim. Biz onunla köhnə dostlarıq və yaxın əlaqələrimiz var. Bu görüş baş tutsa, mən məmnun olardım.

- “Ağ axın” layihəsinə münasibətiniz necədir? Ümumilikdə Ukrayna vasitəsilə yeni neft-qaz kəmərlərinin çəkilməsi üçün nə etmək fikrindəsiniz?

- Hesab edirəm ki, son beş il Ukrayna üçün çox uğursuz olub. Belə ki, biz Rusiya və Avropa Birliyindəki tərəfdaşlarımızın inamını itirmişik. Buna görə də, Ukraynadan yan keçən yeni qaz nəqli layihələri yaradılmağa başlayıb. Biz bu inamı qaytarmalıyıq. Seçkilərdən sonra isə istehlakçı Avropa ölkələrinin və Rusiyanın iştirakı ilə qaz nəqli konsorsiumunun yaradılmasını təklif edəcəm. Ola bilsin ki, Mərkəzi Asiya ölkələri də bu konsorsiumda iştirak etmək istədilər.
Bizim Avropaya qaz nəqlini 100 milyard kubmetrə çatdırmağa imkan verən layihəmiz var və layihənin işlənilməsi ilə qaz nəqlini ümumilikdə 200 milyard kubmetrə çatdırmaq olar. Bu yeni kəmərlərin tikintisindən daha ucuz başa gələ bilər. Hesab edirəm ki, müvafiq layihənin həyata keçirilməsi ilə daha etibarlı nəql sistemi yarada bilərik. Əgər tərəfdaşlıq məsələlərindən danışsaq, əlbəttə ki, Ukrayna “Şimal axını” layihəsinin də tikintisində iştirak etmək və bu konsorsiuma üzv olmaq istəyər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar