Girovlarla bağlı müraciət
20 İyul 2014 Bazar 01:40
Müraciətdə Ermənistan tərəfinin beynəlxalq hüquq normalarını pozduğu bildirilir.
Qara dəniz və Xəzər dənizi Beynəlxalq Əməkdaşlıq və Tərəfdaşlıq Fondu Azərbaycanın erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş Kəlbəcər rayonu ərazisində azərbaycanlıların əsir götürülməsi ilə əlaqədar Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət edib. Bu barədə Fondun mərkəzi ofisindən məlumat verilib.

Müraciətdə işğal olunmuş Kəlbəcər rayonunda doğma yurdlarına ata-babalarının məzarlarını ziyarət etməyə gedərkən amansız işgəncələrə məruz qalmış azərbaycanlıların erməni hərbçiləri tərəfindən əsir götürülməsi ilə əlaqədar ciddi narahatlıq ifadə edilib. Müraciətdə deyilir: “Baş vermiş hadisələr Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizama salınması prosesinə mənfi təsir göstərir, ümumiyyətlə, Qara dəniz – Xəzər dənizi regionunda təhlükəsizliyin və sabitliyin bərpasına maneçilik törədir. Beynəlxalq Fond bunu başa çatmaq mərhələsində olan “Barışığa doğru gedən yol: uzun sürən Qara dəniz - Xəzər dənizi regionu münaqişələrinin iqtisadi, sosial və siyasi nəticələri və onların nizama salınması perspektivləri” adlı elmi-tədqiqat işində də xüsusi qeyd edir”. Müraciətdə xüsusilə vurğulanır ki, bu hərəkətləri ilə Ermənistan tərəfi beynəlxalq hüquq normalarını və Helsinki Yekun Aktının prinsiplərini pozur.

Müraciətdə daha sonra deyilir: “Bundan başqa, Qarabağda Azərbaycana qarşı Ermənistanın 22 illik hərbi təcavüzü beynəlxalq prinsiplərin və normaların, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin, xüsusən də atəşin dayandırılması məqsədi ilə bütün hərbi əməliyyatlara və düşmənçilik aktlarına dərhal son qoyulmasını, habelə bütün işğalçı qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın işğal olunmuş digər rayonlarından dərhal çıxarılmasını tələb edən 822-ci qətnamənin yerinə yetirilməməsi problemlərinin mövcud olduğunu təsdiq edir”.

Sənəddə beynəlxalq birliyin, xüsusən ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinə laqeyd münasibət göstərdiyi qeyd olunur və bildirilir ki, hamı vasitəçilərdən aktiv fəaliyyət gözləyir.

Müraciətdə deyilir: “Beynəlxalq Fond Beynəlxalq Qırmızı Xaç Komitəsini onun bütün imkanlarından istifadə edərək əsirlərin müvəqqəti saxlanması üçün normal şəraiti təmin etmək məqsədi ilə ən qısa müddətdə lazımi tədbirlər görməsinə imkan verən mandat çərçivəsində əsirlərlə görüş təşkil etməyə və onların tezliklə azad edilməsinə nail olmağa çağırır. Beynəlxalq Fond bir daha qeyd edir ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları və prinsipləri, ərazi bütövlüyünə, suverenliyə hörmət, qüvvə tətbiq etməmək, dinc vətəndaşlara qarşı zor işlətməmək prinsipləri əsasında ən qısa bir zamanda nizama salınmalıdır”.



DOSTLARINLA PAYLAŞ:

oyunlar