Fransa çadraya qadağa qoydu
14 İyul 2010 Çərşənbə 10:05
İctimai yerlərdə üzü bağlı gəzənlər 150 avro cərimələnəcək.
Fransada ictimai yerlərdə üzü örtən paltarların geyinilməsi qadağan edilib. Parlamentdə ötən gün keçirilən səsvermədə qanun layihəsinin lehinə 336, əleyhinə isə 1 nəfər səs verib. Ana muxalifət partiyası olan Sosialist Partiyasının millət vəkillərinin böyük əksəriyyəti isə səsverməyə qatılmaqdan imtina ediblər.
Qanuna görə, ictimai yerlərdə niqablı çarşab geyinənlər 150 avro cərimə ödəyəcəklər. Bu geyimlərin geyinilməsi üçün təzyiq göstərən şəxs isə bir il həbsdən tutmuş 30 min avro cərimələnməyə qədər cəzalandırıla bilər. Əgər təzyiq göstərilən şəxs 18 yaşından aşağıdırsa, bu cəza iki dəfə arta bilər.
Qeyd edək ki, səhhəti ilə bağlı maska taxanlar, bəzi idman növləri zamanı xüsusi maskalardan istifadə edənlər və karnavallarda üzü örtən paltarlar geyinənlər qaydaları pozmuş hesab edilməyəcəklər.
Qanun tezliklə qüvvəyə minməyəcək və onunla bağlı 6 ay müddətində "İctimaiyyətin maarifləndirilməsi" həyata keçiriləcək. Sentyabr ayında isə qanun senatın gündəliyinə çıxarılacaq.
Qeyd edək ki, Fransada 2 minə yaxın qadının niqablı çarşab geyindiyi bildirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: