FİFA prezidenti Bakıya gələcək
23 Yanvar 2012 Bazar Ertəsi 23:03
Rövnəq Abdullayev Yozef Blatteri 17 yaşadək qadınlar arasında Dünya Çempionatının açılış mərasiminə dəvət edib.
AFFA prezidenti Rövnəq Abdullayevlə FİFA prezidenti Yozef Blatter arasında Sankt-Peterburqda görüş keçirilib. Tərəflər Azərbaycanda keçiriləcək futbol üzrə 17 yaşadək qadınlar arasında Dünya Çempionatı ilə bağlı hazırlıq işlərini müzakirə edib.
Görüşdə Yozef Blatter Azərbaycanda keçiriləcək 17 yaşadək qadınlar arasında Dünya Çempionatı ilə bağlı hazırlıq işlərindən razı qaldığını deyib. “Mən buna əvvəlcədən də əmin idim. Çempionatla bağlı təqdim etdiyiniz sosial və mədəni proqramlar da bizi sevindirir. Buna görə də tam əminliklə deyə bilərəm ki, bu cür layihələr çempionata xüsusi töhfə verəcək”, - deyə o vurğulayıb.
Yozef Blatterin Azərbaycana bütün səfərlərinin futbolun inkişafı və əməkdaşlığın genişlənməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini deyən AFFA prezidenti Rövnəq Abdullayev onu Dünya Çempionatının açılış mərasiminə dəvət edib.
Xatırladaq ki, Yozef Blatter sonuncu dəfə Azərbaycana ötən ilin iyununda gəlib. Səfəri zamanı, o, Azərbaycan futbolunun 100 illiyinə həsr olunmuş tədbirdə və Bakı Olimpiya Stadionunun təməlqoyma mərasimində iştirak edib.
DOSTLARINLA PAYLAŞ: