Eynulla Fətullayevin məhkəməsi təxirə salınıb
22 Noyabr 2010 Bazar Ertəsi 13:45
Həbsdə olan jurnalist Eynulla Fətullayevlə bağlı Qaradağ rayon məhkəməsinin qərarından verilən apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsində məhkəmə baxışı keçirilib.
APA-nın xəbərinə görə, prosesə sədrlik edən hakim Mirpaşa Hüseynov jurnalistlərə məhkəmədən icazə almadan qeydlər apardıqlarını əsas gətirərək, irad tutub. Bu isə prosesdə iştirak edən jurnalistlərin və təqsirləndirilən Eynulla Fətullayevin narazılığına səbəb olub.

Vəkili Elçin Sadıqov Bakı Apellyasiya Məhkəməsində keçirilən proses başa çatana kimi E. Fətullayevin girov müqabilində azadlığa buraxılması barədə vəsatət qaldırıb. Dövlət ittihamçısı isə noyabrın 5-də keçirilən prosesdə E. Fətullayevin barəsində həbs-qətimkan tədbirinin seçilməsi barədə çıxarılan qərardan kassasiya şikayəti verildiyini xatırladaraq, vəsatətin baxılmamış saxlanmasını istəyib.

Məhkəmə müşavirəyə gedib. Müşavirədən qayıdandan sonra vəsatətin təmin edilmədiyi bildirilib. Vəkil E. Sadıqov daha sonra E. Fətullayev barəsində Bakı Apellyasiya Məhkəməsində seçilən həbs-qətimkan tədbirinin proses başa çatana kimi ev dustaqlığı ilə əvəzlənməsini barədə vəsatət qaldırıb. Prokuror bu vəsatətin də baxılmamış saxlanmasını istəyib. Məhkəmə vəsatəti təmin etməyib.

Hakim bildirib ki, məhkəmənin 5 noyabr tarixli iclasının qərarından kassasiya şikayəti verildiyi üçün proses qeyri-müəyyən vaxta təxirə salınır.

Qeyd edək ki, Eynulla Fətullayev 2007-ci il aprelin 20-də həbs edilib. O, 2005-ci ildə qələmə aldığı “Qarabağ gündəliyi” adlı silsilə yazılarında Xocalı sakinlərini təhqir etməkdə günahlandırılıb və adı çəkilən şəxsə 2 il 6 ay həbs cəzası verilib. Tutulandan sonra ona əlavə ittihamlar irəli sürülüb və Eynulla Fətullayev 2007-ci il oktyabrın 30-da 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

2009-cu il dekabrın 30-da isə 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan E. Fətullayevin üzərində 0,223 qram həcmində heroin aşkarlanıb. Bununla əlaqədar ona qarşı Qaradağ RPİ-nin istintaq şöbəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi qaldırılıb. İş üzrə təyin edilmiş məhkəmə-bioloji-kimyəvi ekspertizasının rəylərinə görə, istintaq zamanı E. Fətullayevdən götürülmüş qan və sidik nümunələrində “Diasetil-morfi” (heroin), “Amfetaminil” narkotik vasitələri və “Flunitrozepam-M” psixotrop maddəsi aşkar edilib. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən təqsirləndirilən şəxs E. Fətullayevdə narkotik vasitə olan “Diasetil-morfi”, “Amfetaminil” və psixotrop dərman vasitəsi olan “Benzodiazepin”dən istifadə halları olub, lakin müayinə zamanı E. Fətullayevin narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığı müəyyənləşdirilib. E. Fətullayevin narkotik vasitələr və psixotrop maddələrdən istifadə etmə halları nəzərə alınaraq narkoloji-profilaktik qeydiyyata alınması məsləhət görülüb.

Bu iş üzrə bu il iyulun 6-da Qaradağ rayon Məhkəməsində, hakim İsmayıl Xəlilovun sədrliyi ilə keçirilən prosesdə E. Fətullayev 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qərarın icrası 6 iyun 2010-cu il tarixdən hesablanıb. Bu qərardan apellyasiya şikayəti verilib.
Bu il aprelin 22-də isə Avropa İnsan Hüquqları üzrə Avropa Məhkəməsi həbsdə olan jurnalist Eynulla Fətullayevin Azərbaycana qarşı şikayətinə baxıb. Avropa Məhkəməsinin qəbul etdiyi qərara əsasən məhkəmə E. Fətullayev barəsində cinayət işləri üzrə icraat zamanı insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın müddəalarının pozulduğunu əsas götürərək jurnalistin dərhal həbsdən azad edilməsini, ona 28 min avro təzminat ödənməsini tələb edib. Azərbaycan tərəfi qərarla razılaşmayaraq Avropa Məhkəməsinin Böyük Palatasına şikayət edib. Bundan sonra oktyabrın 4-də Avropa Məhkəməsinin yekun qərarı elan olunub. İndiki halda Azərbaycan hökumətinin şikayətinin Böyük Palataya çıxarılmaması barədə qərar verilib və ilkin qərar yekun (final) qərar kimi qüvvədə saxlanılıb.

Bir neçə gün əvvəl isə Azərbaycan Ali Məhkəməsinin növbədənkənar Plenumunda Eynulla Fətullayevlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına baxılıb.
Plenum məhkum jurnalistin Cinayət Məcəlləsinin (CM) 147.1 və 147.2-ci, 214.1, 283.2.2 maddələri üzrə təqsirləndirilməsinə dair işə baxaraq Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını təmin edib və cinayət işlərinə xitam verilməsi barədə qərar qəbul edib. Plenum jurnalistin CM-nin 213.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə də baxıb. Bu iş üzrə Avropa Məhkəməsinin qəbul etdiyi qərarda hər hansı münasibət olmadığı nəzərə alınıb və E. Fətullayevə 2 il 2 ay müddətinə həbs cəzası verilməsi barədə qərar çıxarılıb. Bu da həbsdə olduğu müddətlə hesablandığı üçün E. Fətullayevin həbsdən azad olunması barədə qərar verilib.
Müdafiə tərəfi E. Fətullayev barəsində Bakı Apellyasiya Məhkəməsində noyabrın 5-də keçirilən iclasda həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar verildiyini xatırladaraq, Plenumun həmin qərarı da ləğv etməsini xahiş etsə də, həmin işlə bağlı Ali Məhkəməyə kassasiya şikayəti daxil olmadığını nəzərə alaraq, vəsatəti təmin edilməyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar