Ermenistanda mina tehlükesi yoxdur
12 İyul 2013 Cümə 14:11
Agentliyin direktoru Nazim İsmayılovun sözlərinə görə, Ermənistan minatəmizləmə sahəsində beynəlxalq təşkilatların ümidlərini doğrultmayıb.
«Ermənistan minatəmizləmə sahəsində beynəlxalq təşkilatların ümidlərini doğrultmadı. Düşünürəm ki, beynəlxalq donorlar onların yenidən başlamaq istədikləri bu işə yaxın durmayacaqlar». APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ermənistanın Milli Minatəmizləmə Mərkəzi yaradılması istiqamətində apardığı işlərə münasibət bildirən Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Nazim İsmayılov bildirib.
ANAMA rəhbərinin sözlərinə görə, xarici ölkələr, donorlar balanslı siyasəti əsas tutaraq, Azərbaycana etdikləri yardımı eyni səviyyədə Ermənistana da göstərirlər: «2000-ci ildə Ermənistanda Müdafiə Nazirliyinin tərkibində minatəmizləmə mərkəzi yaradıldı. O qurumun donoru ABŞ Dövlət Departamenti idi. Bizim aldığımız vəsait qədər də vəsait alırdılar. Eyni zamanda bizə verilən avadanlıqlardan onlara da verilirdi. Bu məntiqlə onlar da ANAMA kimi inkişaf eləməli idilər. Yeddi il keçdi, onların işində irəliləyiş olmadı. Biz hər il 20 milyon kvadratmetr ərazi təmizlədiyimiz halda, məndə olan məlumatlara görə, ermənilərdə bu göstərici 100 min kvadratmetr idi. Bu donorlar üçün çox şübhəli görünürdü. Nəticədə 2 ildir, donorlar tərəfindən onların maliyyələşməsi dayandırılıb».
N. İsmayılov bildirib ki, bu gün Azərbaycanda olduğu kimi, Ermənistanın daxilində müharibə getməyib və bu ölkədə mina problemi yoxdur: «Onlarda mina təhlükəsi keçmiş sovet ordusundan və indiki Rusiya ordusundan qalır. İran, Türkiyə və Azərbaycanla sərhədləri isə özləri minalayıblar və heç vaxt çıxarmayacaqlar».
DOSTLARINLA PAYLAŞ: