Ermənistan nümayəndəsi Bakıda bəyanat verdi
02 Dekabr 2010 Cümə Axşamı 15:55
Stepan Qriqoryan: “ Ümumilikdə heç kim Madrid prinsiplərinin əleyhinə deyil”
Bu gün Bakıda III Cənubi Qafqaz Təhlükəsizlik Forumu keçirilib. ANS TV-nin məlumatına görə, tədbirdə iştirak edən Ermənistan Qloballaşma və Əməkdaşlıq Analitik Mərkəzinin direktoru Stepan Qriqoryan avropalıların sərhəd anlayışının Cənubi Qafqaz ölkələrindən fərqli olduğunu və düşüncə tərzlərinin də fərqləndiyini bildirib. O, Dağlıq Qarabağ münaqişəsinin həllinin tez bir zamanda həll olunmasını mümkün sayaraq bildirib ki, bunun üçün tərəflər tədbirlər paketini reallaşdırmalı və bir-birinə qarşı addımlar atmalıdır.
“Nizamlı addımları təsbit etməmək, problemin əsasını təşkil edir. Ümumilikdə heç kim Madrid prinsiplərinin əleyhinə deyil. Yəni mən azından Bakının və İrəvanın rəsmi bəyanatlarını əsas götürürəm. Eyni zamanda Fransa, Rusiya və ABŞ prezidentlərinin Muskokadakı birgə bəyanatına nəzər yetirsək, orada da həm Azərbaycanın, həm də Ermənistanın maraqları öz əksini tapıb. Problem ondan başlayır ki, cəhdlər saxtlaşdırılır. Mən ona görə deyirəm ki, tərəqqi var. Gəlin, ümumi prinsipləri nəzərə alaq. Və ondan sonra bizim diplomatlar müəyyən danışıqlara başlasın. Əgər bunlar təsdiq edilməsə, sonralar çox böyük təhlükə yarana bilər. Danışıqlar prosesi dağıla bilər", deyə Stepan Qriqoryan bildirib.
O, Azərbaycanın buna doğru təşəbbüslə çıxış etdiyini deyib: "Mən təsdiq edirəm ki, bizim maraqlarımız münaqişənin həllini sürətləndirməkdir. Bizim millətlərimizin yaxşı gələcəyi olacaq. Mən Bakının mərkəzində erməni kilsəsi gördüm. Bu isə o deməkdir ki, Azərbaycan əlaqələr qurmağa çalışır. Və bu o deməkdir ki, Azərbaycan və Ermənistan arasında etimad mühüm rol oynayır. Bu istiqamətdə atılan addımlar sözsüz ki, vəziyyəti dəyişəcək”.
DOSTLARINLA PAYLAŞ: