Ermənistan israr edir
06 Aprel 2010 Çərşənbə Axşamı 13:25
Nalbandyan: "Bizim mövqeyimiz dəyişməyib"
“Qarabağ əhalisinin öz müqəddaratını təyin etmə hüququnun tanınması və onun reallaşdırılması Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini yüngülləşdirəcək”. Bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan jurnalistlərə açıqlamasında deyib.

“Ermənistanın Dağlıq Qarabağ münaqişəsi üzrə mövqeyi dəyişməyib. Biz dəfələrlə bəyan etmişik və ATƏT-in Minsk qrupunun həmsədrləri də anlayırlar ki, Qarabağ münaşişəsinin nizamlanması üzrə ən mühüm məsələ Qarabağ əhalisinin öz müqəddaratını təyin etmə hüququnun tanınması və onun reallaşdırılmasıdır”, - deyə erməni nazir qeyd edib.

Onun sözlərinə görə, bunu Ermənistan prezidenti Serj Sarkisyanın son bəyanatı da təsdiqləyir. Nalbandyan hesab edir ki, əgər bu mühüm məsələ həll olunarsa, qalan məsələləri həll etmək asan olacaq.

Qeyd edək ki, Ermənistan prezidenti Almaniyanın “Şpigel” jurnalına müsahibəsində bildirmişdi ki, Qarabağ problemini bir neçə saata həll etmək olar, lakin Azərbaycan Qarabağın "müstəqilliyini" tanıyarsa.

Rəsmi Bakı isə hesab edir ki, Azərbaycanın bu barədə mövqeyi həmişə aydın və birmənalı olub.

"Dağlıq Qarabağın həm Azərbaycan, həm də erməni icmaları Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz müqəddəratını təyin etmə hüququna malikdir və onlar bu hüquqdan istifadə edə bilərlər", deyə Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poluxov bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar