Ermənilərin daha bir uğursuzluğu
21 Noyabr 2010 Bazar 18:50
Rəsmi İrəvanın bütün səylərinə rəğmən NATO bir daha Azərbaycanın ərazi bütövlüyünü tanıdığını təsdiq edib
Bəlli olduğu kimi, NATO-nun zirvə toplantısının yekunlarına dair qəbul edilən bəyanatın 35-ci maddəsində alyans Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyi və suverenliyini tanıdığını bir daha təsdiq edib. NATO Cənubi Qafqaz və Moldovadakı münaqişələrin uzun müddət davam etməsindən narahatlığını ifadə edərək, münaqişə tərəflərinə çağırışlar edib. “Cənubi Qafqaz və Moldovada münaqişələrin hələ də davam etməsi NATO üçün yenə də ciddi təhlükə predmeti sayılır. Biz tərəfləri regionda sabitlik və təhlükəsizliyi poza biləcək addımlardan çəkinməyə çağırırıq. Bütün tərəfləri bu məsələlərdə konstruktivlik və siyasi iradə nümayiş etdirməyə, bu münaqişələri sülh yolu ilə həll etməyə, danışıqlara hörmətlə yanaşmağa çağırırıq”, - deyə bəyanatda vurğulanıb.
Bundan başqa, alyans sənəddə hər bir münaqişənin xarakterini nəzərə almaqla, bu regional münaqişələrin sülh yolu ilə həlli istiqamətində səyləri dəstəkləyəcəyini bəyan edib.
Xatırladaq ki, Ermənistan prezidenti Serj Sarkisyan Lissabon Zirvə toplantısında iştirakdan imtina edərək, sammitə qatılmayıb. Prezidentin mətbuat xidməti işğalçı dövlətin liderinin toplantıda iştirakdan imtinasını qurumun Cənubi Qafqazdakı münaqişələrin həlli barədə qəbul etməyə hazırlaşdığı qətnamə layihəsindəki ümumiləşdirilmiş formullarla razılaşmaması ilə izah edib. Görünür, rəsmi İrəvan Lissabon bəyanatının Azərbaycanın ərazi bütövlüyün tanınması və dolayısı ilə Dağlıq Qarabağ münaqişəsinin də Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında həll olunması tövsiyəsilə barışmadığından və sənədin qəbuluna mane ola bilməyəcəyini anladığından Lissabon Sammitinə qatılmamağa qərar verib.
İrəvanda belə düşünürlər ki, Lissabon Sammitinin yekun qətnamə layihəsində Cənubi Qafqazdakı münaqişələrin həlli barədəki formullarda ATƏT-in elan olunmuş prinsiplərindən yalnız birinə istinad edilməsi münaqişənin sülh yolu ilə həll olunması üçün aparılan danışıqlarda əlavə çətinliklərə səbəb olar.
Xatırladaq ki, NATO-nun 1994, 2006, 2008 və 2009-cu illərdəki Zirvə toplantılarında da Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunub.
DOSTLARINLA PAYLAŞ: