Ermənilər üçün oksigen balonu - İran
24 Yanvar 2011 Bazar Ertəsi 22:30
Və yaxud İslam ölkəsi Azərbaycanın yaxşılıqlarının əvəzini necə çıxır?
Mübariz İbrahimovun qoruduğu və uğrunda şəhid olduğu Azərbaycan ərazisini işğal edən düşmən Ermənistanla qonşumuz və müsəlman qardaşımız İran daha da yaxınlaşır. Bu iki ölkə arasında ticarət dövriyyəsi bu il 1 milyard dollara çatdırılacaq.
Qısa xatırlatma edək. 2009-cu il. İran hakimiyyəti prezident seçkilərinə saxtakarlıqlara etiraz edən insanları amansızlıqla qanına qəltan edir. Uzun müddət dünyanın bütün aparıcı informasiya vasitələrinin bir nömrəli xəbərinə çevrilən Tehran dəhşətləri tarixə demokratik düşüncəyə tutulmuş qanlı divan kimi düşüb. Ən gülməlisi isə budur ki, İran İslam Respublikası bu gün Azərbaycana insan azadlıqlarından moizə oxuyur. Hər 8 saatda bir adamın edam olunduğu ölkə 1998-ci il fevralın 10-da ölüm hökmünü ləğv etmiş bir dövlətə-cəza sisteminin tərkibini şallaqlamaq, barmaq kəsmək, daş-qalaq etmək, dar ağacından asmaq kimi cəza növlərinin formalaşdırdığı İran Avropa Şurasının üzvü olan Azərbaycana.
İranda insan hüquqları və demokratiyanın hansı səviyyədə olmasını bu ölkənin öz vətəndaşı da şərh edir. Amma onun fikirlərini özünün xahişi ilə adını çəkmədən təqdim edirik. Həmsöhbətimizin təhlükəsizliyi baxımından, hər halda, bu da “İran demokratiyası”dır: “İran prezident seçkilərindən sonra müəyyən lazım olan etiraz aksiyalarının keçirilməsinə icazə verirdi, lakin lazım bilmədiklərinə icazə verilmirdi. İran xalqı dünyanın digər ölkərində olan hüquq və azadlıqlardan onlar kimi faydalana bilmir”.
İranı müdafiə etmək olduqca çətindir, çünki belə olan halda sivil dövlətlərin qadağalarına məruz qalmaq, bir sıra beynəlxalq imtiyazlardan məhrum olmaq mümkündür. Amma Azərbaycan özünü risk altına qoyaraq İranı bir qonşu kimi bacardığı qədər müdafiə edib. Hətta ABŞ-ın İrana hərbi müdaxilə etməməsi üçün öz gücündən də artığını etməklə, Tehranın nüvə proqramı ətrafında gərginləşən vəziyyətin sakitləşdirilməsində yaxından iştirak edib. Bunu İran rəhbərləri də etiraf edib.
Bəs İran bu yaxşılığın əvəzini necə çıxıb? Bu gün İran Azərbaycanı İsraillə yaxın münasibətlər qurmaqda ittiham edir. İsrail nə Azərbaycan, nə də İranın bir qarış torpağını işğal edib. Özü isə Azərbaycanın 20 faizini işğal edən Ermənistan üçün oksigen balonu rolunu oynayır. Halbuki, İslam Konfransı Təşkilatı da quruma üzv ölkələrin işğalçı Ermənistanla hər hansı birgə iqtisadi layihələr həyata keçirməyi və işğalçıya hər hansı dəstəyi qadağan edir.
Azərbaycanın yaxşılıqlarının əvəzini İran daha necə çıxır? “Səhər-2” telekanalı vasitəsilə xalqı dövlətə qarşı cihada çağırmaqla, Azərbaycanın daxili işlərinə qarışmaqla çıxır. Baxmayaraq ki, beynəlxalq hüquq bir dövlətin digərinin daxili işlərinə qarışmasını qadağan edir. Azərbaycan müstəqil dövlətdir. O, öz siyasətini özü müəyyənləşdirir. Dərslərə gəlincə isə bizim dövlətə nə belə dərslər, nə də belə müəllimlər lazımdır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: