Ermənilər qorxuya düşüb
24 Yanvar 2010 Bazar 19:35
Ovannes Ovannisyan: "Bizə sadəcə qəbul ediləcək istənilən qərarın Dağlıq Qarabağ üçün acınacaqlı olmayacağına ümid etmək qalır"
Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Soçidə planlaşdırılan görüşünü növbəti görüş kimi dəyərləndirmək düzgün olmaz. Belə bir bəyanatla Ermənistan parlamentinin daxili məsələlər üzrə komissiyasının keçmiş rəhbəri, Ermənistan Liberal Partiyasının lideri Ovannes Ovannisyan çıxış edib. Onun sözlərinə görə, ölkə başçılarının üçtərəfli görüşü zamanı çərçivə sənədi əldə olunmaycaq, lakin hansısa şifahi bəyanatların səslənəcəyi istisna deyil: “Əminəm ki, bu görüş Rusiya tərəfinin təşəbbüsü ilə keçirilir və bunu qiymətləndirməmək olmaz. Bu görüş hər iki tərəf üçün kifayət qədər mühüm və dönüş xarakterli olacaq”.

Ovannisyan hesab edir ki, bu görüşdə Rusiya Cənubi Qafqazda əsas oyunuçu olduğunu bir daha xatırladacaq və müvafiq məsələdə də prioritet məhz onun əlindədir. “Çox təəssüf ki, bütün bu görüşlər Qarabağ münaqişəsinin nizamlanması istiqamətində Ermənistanın maraqlarına cavab verən qərarla əlaqələndirilmir. Bizə sadəcə qəbul olunacaq istənilən qərarın Dağlıq Qarabağ üçün acınacaqlı olmayacağına ümid etmək qalır”, - deyə o söyləyib.

O, eyni zamanda bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli problemini uzatmaq Ermənistana da sərf etmir: "Belə getdikcə, biz münaqişənin həlli yolundan daha da uzaqlaşmağa başlayırıq və artıq onun nizamlanması məsələsində olan rolumuz itiririk".

Xatırladaq ki, sabah Azrəbaycan, Ermənistan və Rusiya prezidentlərinin Soçidə üçtərəfli görüşü keçiriləcək. Bu görüşün təşkili üçün ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar