Ermənilər Goranboy sakinlərini atəşə tutublar
04 Sentyabr 2010 Şənbə 15:25
Tap-Qaraqoyunlu sakinləri 20 dəqiqə atəş altında qalıb.
Ermənistan silahlı qüvvələri günorta saatlarında Goranboyun Tap-Qaraqoyunlu kəndində təsərrüfat işləri ilə məşğul olan sakinləri işğal altında olan Talış kəndindən atəşə tutub. ANS-in Qarabağ bürosunun məlumatına görə, ermənilər təqribən 20 dəqiqə ərzində iriçaplı atıcı silahlardan təsərrüfat işləri ilə məşğul olan kənd sakinlərini atəş altında saxlayıb.
Məlumata görə, kənd sakinləri sahəni tərk etdiklərindən xəsarət alan olmasa da, sakinlərə məxsus bir ədəd traktor yararsız hala salınıb.
Xatırladaq ki, bu gün Ermənistan silahlı qüvvələri işğal altında olan Azərbaycan ərazilərində yenidən yanğınlar törədiblər. ANS-in Qarabağ bürosunun məlumatına görə, yanğınlar saat 11:00 radələrində Tərtər rayonunda başlayıb. Ermənilər rayonun işğal altında olan Seyidsulan və Qızıloba, eləcədə, Qapanlı kəndləri istiqamətində ərazilərə od vurublar. Alov əsasən neytral ərazilərdə müşahidə edilir və yanğın bu dəqiqələrdə də davam edir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: