Əli Abbasov Boris Klimçukla görüşdü
23 Aprel 2010 Cümə 12:05
Azərbaycanla Ukrayna arasında informasiya-kommunikasiya texnologiyaları sahəsində əlaqələr möhkəmlənəcək.
Bu gün Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Boris Klimçukla görüşüb. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, B.Klimçukun diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar keçirilən görüşdə Əli Abbasov səfirin ölkədəki diplomatik fəaliyyəti dövründə Azərbaycanla Ukrayna arasında ikitərəfli münasibətlərin, eləcə də informasiya-kommunikasiya texnologiyaları sahəsində əlaqələrin möhkəmləndiyini vurğulayıb.
Nazir ötən dövr ərzində nəzərdə tutulan məsələlərin bir çox hissəsinin həyata keçirildiyini xüsusi qeyd edərək, səfirin Azərbaycan-Ukrayna əlaqələrinin genişlənməsi işinə töhfə verdiyini bildirib.
Öz növbəsində, B.Klimçuk Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkədə ona göstərilən diqqətdən razılığını ifadə edib, ölkələr arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğulayıb. Səfir Ukrayna ilə Azərbaycan tək dost deyil, həm də, strateji tərəfdaş olduqlarını diqqətə çatdırıb.
Görüşdə Ukrayna ilə Azərbaycan arasında rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlığın genişləndirilməsi, gələcək prespektivlərdə İT istiqamətində kadr hazırlığı üzrə tələbə mübadiləsinin artırılması və kosmik peyklə bağlı birgə əməkdaşlıq məsələləri müzakirə olunub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: