Dmitri Medvedev Türkiyədədir
12 May 2010 Çərşənbə 01:05
Rusiya və Türkiyə prezidentləri şam yeməyində görüşüblər.
Rusiya prezidenti Dmitri Medvedevin Türkiyəyə rəsmi səfəri başlayıb. “Esenboğa” hava limanında Rusiya və Türkiyənin dövlət bayraqları qaldırılıb, Rusiya liderinin gəlişi münasibətilə fəxri qarovul düzülüb. Dmitri Medvedev və həyat yoldaşı Svetlana Medvedevanı enerji naziri Taner Yıldız, Ankara valdisi Kamal Önal və Rusiyanın Türkiyədəki səfiri Vladimir İvanovski qarşılayıblar.
Bir qədər əvvəl Türkiyə prezidenti Abdullah Gül rusiyalı həmkarı Dmitri Medvedevlə şam yeməyində görüşüb. Türkiyənin dövlət başçısının iqamətgahındakı şam yeməyində birinci xanımlar Hayrünnisa Gül və Svetlana Medvedeva da iştirak ediblər.
Dmitri Medvedev səfər çərçivəsində Türkiyə prezidenti Abdullah Gül, Türkiyə Böyük Millət Məclisinin sədri Mehmet Əli Şahin və baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Danışıqlarda əsas yeri ticari-iqtisadi əlaqələrlə bağlı aktual problemlər tutacaq.
Rusiya mətbuatı səfər çərçivəsində nəqliyyat, kənd təsərrüfatı, təhsil, turizm və s. sahələrdə 20-dən çox sənədin imzalanacağı barədə məlumatlar yayıb. Türkiyənin “Anadolu” dövlət agentliyi isə Dmitri Medvdedevin səfəri çərçivəsində enerji, hava əlaqəsi və viza rejiminin ləğvi ilə bağlı 13 sazişin imzalanacağını xəbər verib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: