Dmitri Medvedev də Kazana gəldi
24 İyun 2011 Cümə 17:46
Dmitri Medvedev də Kazana gəldi. Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin danışıqlara başlamasına az qalıb.
Məlum olduğu kimi bu gün Tatarıstanın paytaxtı Kazan şəhərində Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair üçtərəfli görüşü keçiriləcək. Rusiya prezidenti bu münasibətlə Kazan şəhərinə gəlib. Ermənistan prezidenti Serj Sarkisyan isə bir qədər öncə Kazana çatıb. Azərbaycanın dövlət başçısı İlham Əliyev isə dünəndən Kazan şəhərindədir.
Azadlıq radiosunun məlumatına görə, ATƏT-in Minsk qrupunun həmsədrləri və başqa rəsmilər Azərbaycan və Ermənistan prezidentlərinin görüşəcəyi Kazandakı Kreml kompleksinin Qubernator sarayına gəliblər. Görüşdən öncə Azərbaycan və Ermənistan prezidentlərinin Kreml kompleksinə baxış keçirməsi nəzərdə tutulsa da, jurnalistlərə elan edilib ki, bu gəzinti görüşdən sonraya təxirə salınıb.
İlham Əliyev və Serj Sargsyanın Rusiya prezidenti Dmitriy Medvedevin iştirakıyla keçiriləcək görüşünün saat 5-də başlanacağı elan edilsə də, indi görüşün 6-da (Bakı vaxtıyla) başlanacağı bildirilir.
Hazırda Kazanda güclü yağış yağır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: