Dağıstandakı partlayışların Azərbaycana təsiri
02 İyul 2010 Cümə 21:45
Partladılan dəmir yolunun bərpasına 100-dən artıq mütəxəssis cəlb olunub.
Dağıstanın dəmir yolu sistemində son iki gün ərzində artıq sayca ikinci partlayış baş verib. Bu dəfə hətta xəsarət alanlar da olub. Amma bu hadisələr Azərbaycandan gedən qatarların hərəkətində problemlərə səbəb olmayıb. Qatarlar qrafiklərinə uyğun yola düşüblər.
Dağıstanın Qarabudaqkənd rayonunun Manas-Açi məntəqəsində dəmir yolu xəttində partlayış baş verib. Muxtar Respublikanın Daxili İşlər Nazirliyindən ANS-ə verilən məlumata görə, partlayış nəticəsində yük qatarının 14 vaqonu relsdən sıradan çıxaraq aşıb.
Hazırda Manas-Açi məntəqəsində qatarların hərəkəti dayandırılıb. Hadisə nəticəsində qatarın maşinisti və onun köməkçisi yaralanıb. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib, onların vəziyyəti hazırda normaldır. Dəmiryolu qatarlarının hərəkəti hüquqmühafizə orqanlarının icazəsindən sonra bərpa olunacaq.
Dağıstanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında həmçinin deyilir ki,partlayışın nəticələrinin aradan qaldırılmasına 5 təmir-bərpa qatarı və Rusiya Dəmir Yolları Səhmdar Cəmiyyətinin 100-dən artıq mütəxəssisi cəlb olunub. Şimali-Qafqaz Dəmir Yollarının rəsmi internet saytında yerləşdirilən məlumata görə, Bakı-Xarkov sərnişin qatarının hərəkəti ləngiyib və qatar Dərbənd stansiyasına 4 saat gec çatıb. Məlumatda həmçinin deyilir ki, qatarın 362 sərnişini su və isti yeməklə təmin olunub.
Azərbaycan Dövlət Dəmir Yolu Səhmdar Cəmiyyətinin mətbuat katibi Nadir Əzməmmədovun ANS-ə verdiyi məlumata görə, Bakı-Xarkov reysi ilə hərəkət edən qatar ötən gün saat 23:40-da yola düşüb və qarşı tərəfdən qatarın ləngiməsi ilə bağlı məlumat daxil olmayıb. Son məlumatlara görə isə, qatar Xarkova çatıb və sərnişinlərin vəziyyəti normaldır. Dağıstanın dəmir yolunda baş vermiş partlayiş nəticəsində Azərbaycandan gedən qatarların hərəkətində isə son iki gün ərzində problem olmayıb. Baki Dəmir Yolu Stansiyasının rəisi Nizaməddin Eminov bildirib ki, bu gün Bakı-Tümen və əks istiqamətdə qatarlar yola salınıb. Axşam saatlarında Bakı-Moskva qatarı qrafikə uyğun olaraq yola düşəcək. Stansiya rəisi qeyd edib ki, Şimali Qafqazda baş verənlər sərnişinlərin sayına da təsir etməyib.
Nizaməddin Eminovun sözlərinə görə, əvəzləyici yollar mövcud olduğunudan Dağıstanda baş verənlər Azərbaycandan şimal istiqamətinə gedən qatarların qrafikinə az təsir göstərir. Qatarların təhlükəsizliyinə isə onların keçdiyi ölkələr cavabdehdir.
Qeyd edək ki, ilin əvvəlindən bu günə kimi Dağıstanda dəmir yolunda 6 terror aktı törədilib. Onlardan bir neçəsi isə birbaşa Azərbaycandan kedən qatarların hərəkət yolunda törədilib. Partlayışlar nəticəsində insan itkisi olmasa da, qatarların hərəkətində ciddi ləngimələr yaranıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: