Dağıstanda Heydər Əliyevin abidəsi qoyulub
17 İyun 2010 Cümə Axşamı 00:35
Heydər Əliyevin abidəsinin açılış mərasimində Azərbaycanın baş nazirinin müavini Elçin Əfəndiyev iştirak edib.
Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyevin başçılığı ilə böyük nümayəndə heyəti Dağıstana gedib. Nümayəndə heyətinə Milli Məclisin deputatları və Dağıstanla həmsərhəd rayonlardan bir neçəsinin rəhbərləri daxildir.
ANS PRESS, AzərTAc-a istinadən xəbər verir ki, Dağıstan-Azərbaycan sərhədində qonaqları Dərbənd rayonunun rəhbəri Qurban Qurbanov, Dağıstan Respublikası Xalq Məclisinin sədrinin müavini Nəsir Haydarov, Dağıstan Respublikası ədliyyə naziri Azadi Rəhimov və başqaları qarşılayıblar.
Azərbaycan nümayəndə heyəti Dağıstanın tanınmış dövlət xadimi Maqomedəli Maqomedovun anadan olmasının 80 illiyinə həsr edilmiş təntənələrdə iştirak etmək üçün Dərbəndə səfər edib. Qonaqlar yolüstü Cemikənd kəndinə də gediblər. Burada Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyevin abidəsinin, onun adını daşıyan məktəbdə Heydər Əliyev muzeyinin və idman zalının təntənəli açılışı olub.
Qurban Qurbanov qonaqları salamlayaraq deyib ki, bu məktəbə görkəmli dövlət xadimi Heydər Əliyevin adı verilib. Heydər Əliyev Dağıstan ilə Azərbaycan arasında dostluğun möhkəmlənməsi üçün çox iş görüb.
Elçin Əfəndiyev qeyd edib ki, Heydər Əliyev təkcə Azərbaycanın Prezidenti deyil, həm də respublikanın hüdudlarından kənarda yaşayan bütün azərbaycanlılar üçün bir örnək idi. O, məktəblilərə müraciətlə deyib: “Siz yaxşı və əla qiymətlərlə oxumalısınız ki, Heydər Əliyevin ruhu şad olsun, siz onun işlərini və ideyalarını davam etdirməlisiniz”.
Təbrik nitqlərindən sonra Heydər Əliyevin abidəsinin açılışı olub. Qonaqlar məktəbdə yaradılmış Heydər Əliyev muzeyinə və yeni açılmış idman zalına da baxıblar. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: