Çörəyin qiymətində artım olmayacaq
06 Dekabr 2010 Bazar Ertəsi 22:20
Nazirlər Kabinetinin müvafiq qərarından sonra Azərbaycanda unun qiymətinin ucuzlaşacağı gözlənilir
Məlum olduğu kimi Azərbaycana idxal olunan buğda və un əlavə dəyər vergisindən azad edilib. Nazirlər Kabinetinin qərarına əsasən, 2011-ci ilin avqustun 1-dək ölkəyə gətirilən buğda və meslin, eləcə də buğda və buğda-çovdar ununa görə 18 faizlik əlavə dəyər vergisi ödənilməyəcək. Bu qərarın maya dəyərini aşağı saldığını deyən kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanovun sözlərinə görə, gələcəkdə dünya bazarında ərzaq buğdası bahalaşacağı təqdirdə, Azərbaycanda un və çörəyin qiymətində artım olmayacaq.

"Bu qərar tətbiq olundan sonra çörəyin qiymətinin və unun qiymətinin artması olmayacaq, əksinə bu halların qarşısı alınacaq. Əgər Qazaxıstandan buğdanın tonu 330 dollara daxil olursa, ƏDV götürülürsə, məsələn, hər tonda 59-60 manat qiymətdən asılı olaraq az məsrəf ödənilir. Bununla istehsalçılara köməklik etmək mümkün olacaq. Misal üçün İrandan gəmi 230 dollara gətirir, burada da 18 faiz götürəndə, 51 dollar köməklik olur”,- deyə Aslan Aslanov bildirib.

Aslan Aslanov deyib ki, bu qərar ölkəyə gətirilən unu da ucuzlaşdıracaq. Belə ki, indiyədək ölkəyə idxal olunan 50 kq-lıq unun bir kisəsi 19 manata başa gəlirdisə, əlavə dəyər vergisinin ləğvindən sonra bu rəqəm 15,6 manatadək azala bilər. İndi ölkədə 2 milyon tondan çox taxıl ehtiyatının olduğunu deyən nazir müavini bunun gələn il taxıl biçininə qədər kifayət edəcəyini bildirib. İndi Azərbaycanın taxıla olan aylıq tələbatı 135 min ton təşkil edir.

Kənd təsərrüfatı nazirinin müavinin sözlərinə görə, ötən il 1 milyon 309 min ton buğda istehsal olunub: “800 min ton ehtiyatımız, 1 milyon 200 min tona qədər idxalımız var”.

Kənd Təsərrüfatı Nazirliyinin proqnozlarına görə, bu mövsüm 900 min hektara yaxın ərazidə payızlıq taxıl əkiləcək. İndiyədək isə 872 min hektar ərazidə əkin aparılıb. İlkin proqnozlara əsasən, gələn il ölkədə bu ilkindən 400 min ton çox, yəni 2 milyon 500 min ton taxil istesal ediləcək. Bunun 1 milyon 600 min tonunun buğda təşkil edəcəyi gözlənilir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar