"Dövlət Metrologiya Qurumlarının Avro-Asiya Əməkdaşlığı Təşkilatı"-nın (COOMET) növbəti illik toplantısı Bakıda keçiriləcək. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən toplantı 19-22 may tarixlərində baş tutacaq. Bununla əlaqədar beynəlxalq təşkilata üzv ölkələrin metrologiya sahəsindəki orqanların rəhbərləri, Beynəlxalq Ölçü və Çəki Bürosunun üzvlərinin Azərbaycana səfəri planlaşdırılır.
Toplantının ilk günü etalonlar üzrə texniki komitənin iclasına həsr olunacaq. Sonrakı iki gündə isə COOMET üzvləri illik hesabatlarını təqdim edəcək, yeni təklif və planları müzakirə edəcəklər. Qeyd edək ki, COOMET təşkilatı ölçü cihazlarının metroloji xüsusiyyətlərinin uyğunlaşdırılması üzrə fəaliyyət göstərir. Təşkilata 17 ölkə üzvdür. Azərbaycan 2007-ci ildən COOMET-in tam hüquqlu üzvü qəbul olunub. /ANS PRESS/